Milli Şuranın qapalı toplantısından daha bir şok video -parça yayılıb. Bu dəfə də bu qurumun rəhbərliyində olan şəxslərin siyasi-mənəvi göstəricilərinin düşüklüyü müşahidə olunur. Onlar yenə üz-üzə gəldikləri, normal münasibətdə olduqları tanınmış insanların ünvanına alçaldıcı və təhqiramiz ifadələr işlədiblər. Yenə də biri deyib, digərləri daha da gücləndirib, sonra da qrup halında hırıldayıblar.
Qeybətxananın növbəti seriyasında Əli Kərimlinin blokada şousunu özləri növbəti dəfə ifşa etdilər. Bu dəfə müxalifətdə söyülməyən adam qalmadı, söyüşün biri isə bir qəpik! Təqdim olunan videoda şura üzvü Vidadi Mirkamal deyir:"Əli bəyi qoşum mən?", AXCP rəyasət heyətinin üzvü Vahid Məhərrəmli isə:"Yox, qoşma, qoşma" deyir.
Görüntülərdən aydın olur ki, budəfəki qurbanlar Turan İnformasiya Agentliyinin rəhbəri, jurnalist Mehman Əliyev və Real partiyasının üzvü Natiq Cəfərlidir.
Qənimət Zahidov deyir:“Mehman Əliyev İlqar Məmmədovun kopyasıdır”. Vidadi Mirkamal isə Mehman Əliyevin mövqesiz adam olduğunu deyir. Bu arada Gültəkin Hacıbəyli “meydana girir” və bunları deyir: “Mehman Əliyev söhbətində Vidadi bəylə razıyam, mövqesiz adamdır. Amma tam İlqar Məmmədovun eynisi deyil hələ ki”.
G.Hacıbəyli daha sonra deyir ki, Natiq Cəfərli tərbiyəsiz, iyrənc, murdar, şərəfsiz, alçaq, ən pis sözlərə layiq adamdır. Ardınca Vidadi Mirkamal, Vahid Məhərrəmli, Qənimət Zahidov da "Şərəfsiz və tərbiyəsiz adamdırlar", deyə təsdiq edirlər.
Maraqlısı odur ki, artıq neçənci dəfədir Milli Şura ilə bağlı gülüş doğuran videolar yayılır və onlar hər dəfə biabır olurlar. Ancaq çox qəribədir ki, onlar bütün bunlardan ibrət dərsi götürüb nəticə çıxarmır. Maraqlıdır, baş verənlərdən Milli Şura niyə ibrət götürmür?
“Yayılan videoların müsbət tərəfi odur ki, cəmiyyət bunların əsl simasını tanımış olur”
Məsələyə münasibət bildirən AMİP funksineri Əli Orucovun fikrincə, Milli Şura tükənmiş bir qurumdur: “Milli Şuranın hər toplantısı böyük skandala səbəb olur və məlum olur ki, sözügedən təşkilat necə uğursuz bir qurumdur. Məsələ ondadır ki, bu qurum indiyə qədər heç bir uğura nail ola bilməyib. Ona görə də ora toplaşanlar siyasətdən çox dedi-qodu ilə məşğul olurlar. Məhz dedi-qodu ilə gündəmdə qalmaq istəyirlər. Bu isə hər dəfə onların daha pis formada biabır olmasına gətirib çıxarır. Görünən odur ki, artıq bu tendensiya ənənə halını alıb. Məlum olur ki, Milli Şurada təmsil olunanlar səmimi deyillər. Səmimi olmadıqlarına görə baş verənlərdən ibrət götürmürlər. Bu da, təbii ki, qurumu tamam hörmətdən salır. Zatən yaşanan məlum qalmaqallarla bağlı Milli Şura hörmətdən düşüb. Hər dəfə gülüş obyektinə çevrilən videoların yayılması isə bu prosesi daha da stimullaşdırır. Yayılan videoların müsbət tərəfi odur ki, cəmiyyət bunların əsl simasını tanımış olur. Hesab edirəm ki, bu, önəmli faktorlardan biridir”.
Ekspertin fikrincə, artıq Milli Şura bütün mənalarda ölü bir quruma çevrilib.
Vidadi ORDAHALLI