Məlum olduğu kimi, bir neçə gün öncə Ermənistan hökuməti tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktı törədilib. Ermənistan silahlı qüvvələri mülki əhalini atəşə tutub. Nəticədə Tovuz rayonunun Ağdam kəndində bir neçə ev yararsız vəziyyətə düşüb. İnsanların mülkinə ziyan dəyib.
Hadisə ilə bağlı Prezident İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Beləliklə, əhaliyə dəymiş ziyan ödəniləcək.
“Sosial siyasətin əsas hədəfi vətəndaşların sosial problemlərinin həll olunmasıdır, Prezidentin imzaladığı məlum sərəmcam bunu deməyə əsas verir”
Sərəncamın əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2016-cı ildə də ermənilər tərəfindən mülki vətəndaşlara dəyən ziyanın qarşılanması ilə bağlı Prezident tərəfindən sərəncam imzalanmışdı:“Bu fakt onu deməyə əsas verir ki, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır. Ölkəmizdə həyata keçirilən siyasətin əsas hədəfi elə insanların sosial problemlərinin həll olunmasıdır. Nəzərə almaq lazımdır ki, Tovuz hadisələri zamanı mülki vətəndaşlara, onların əmlakına, təsərrüfatına ziyan dəyib. Buna baxmayaraq, əhalinin əhvalı yüksəkdir. Tovuzda olarkən bunun şəxsən şahidi olduq”.
Millət vəkilinin sözlərinə görə, sosial siyasətin əsas hədəfi vətəndaşların sosial problemlərinin həll olunmasıdır. Prezidentin imzaladığı məlum sərəmcam bunu deməyə əsas verir.
Qeyd edək ki, Prezidentin məlum sərəncamından sonra Tovuzda mülki əhaliyə dəyən ziyan ödəniləcək.
Günel CƏLİLOVA