Sərhəddə növbəti təxribatı törətməkdə Ermənistan hakimiyyətinin məqsədi bəllidir:beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq.
Artıq Rusiya mediası neçə gündür Ermənistanın Tovuz istiqamətindəki təxribatıbndan yazır. “Kommersant” qəzetində Tovuz rayonundakı kəndlərin sakinlərinin düşdükləri çətin durumdan, evlərinin necə bombalanmağından bəhs edilib. Qəzet əməkdaşlarına dinc sakinlərin evlərinin necə dağıdılması ətraflı şəkildə izah edilib. Konkret olaraq Dondar Quşçu kəndi sərhəddən 8 km. uzaqda olsa da, məhz bu kənddə daha çox ev dağılıb - 12 evə zərər dəyib, iki ev isə tamamilə dağıdılıb.
Rusiyanın "The Moscow Post” qəzeti Ermənistan baş naziri Nikol Paşinyanın gizli silah alveri və bu ticarətin İrəvan-Moskva münasibətlərini necə gərginləşdirdiyinə dair maraqlı araşdırma dərc edib. Müəllif xatırladır ki, son günlər Ermənistanla Azərbaycan arasında qızışan döyüşlər bu məsələni kölgədə qoysa da, gərginlik qalmaqda davam edir.
“Nezavisimaya qazeta” isə maraqlı yanaşma ortaya qoyub. Qəzet yazır ki, Moskva yaranmış gərginlikdə mürəkkəb duruma düşüb. Sanki Ermənistanın işğalçılıq siyasətinin arxasında və Azərbaycan torpaqlarının işğalında Ermənistana Rusiyanın o vaxtkı rəhbərliyi deyil, tamam başqa bir dövlət kömək edib: “Toqquşmalar başa çatacaq. Lakin gərginlik uzanarsa, bu, Rusiyanın regiondakı diplomatiyası üçün test rolunu oynayacaq. Axı iki Qafqaz respublikası arasında irimiqyaslı müharibədə Rusiya başlıca məğlub tərəf olacaq. Hadisələrin indiki inkişafı xatırladır ki, Dağlıq Qarabağ ətrafında münaqişəni tezliklə həll etmək gərəkdir. Rusiya bu istiqamətdə səylərini artırmalıdır. Əks təqdirdə, münaqişə mina rolunu oynaya bilər”.
Görünən odur ki, Rusiya mətbuatı son təxribatdan sonra Ermənistanı sərt tənqid edir. Bununla belə, münaqişənin həllinin tezləşdirilməsində Rusiyanın səylərinin artırılmasına eyham vurulur. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
“Onlardan biri də rus mətbuatında anti-Paşinyan mövqeyin daha açıq formada özünü göstərməsidir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Rusiya mətbuatının belə mövqe sərgiləməsi təsadüfü deyil: “Əvvəla, reallıq odur ki, ölkənin bir sıra tanınmış mətbuat orqanları müəyyən dərəcədə Rusiya rəhbərliyinin mövqeyini əks etdirir. Bu və ya digər dərəcədə sözügedən yanaşma var və bunu danmaq mümkün deyil. Artıq Moskva anlayır ki, küçədən hakimiyyətə gələn və Rusiyaya badalaq vuran Paşinyan, o cümlədən onun ətrafı Kremlə qarşı oyun oynayır. Ermənistan rəhbərliyi həm Rusiyadan uzaqlaşmaq istəyir, həm də Qərbin maraqları çərçivəsində siyasi addımlar atır. Bununla belə, Ermənistanı bərbad bir vəziyyətə salmaq yolunu tutub. Bu kontekstdə, əlbəttə ki, hazırda Rusiyanın marağı və diqqəti daha çox Azərbaycana yönəlir. Düzdür, onlar Ermənistanla müttəfiqlikdən əl çəkmir, uzaqlaşmır. Ancaq eyni zamanda bunlar başa düşür ki, belə bir vəziyyətdə, yaranmış hazırkı geosiyasi situasiyada Ermənistana inanmaq düzgün deyil. Ancaq bu heç də o demək deyil ki, bunlar tam mənada Ermənistandan üz döndərir. Rusiya Tovuzda baş verən hadisələrdən istifadə edərək Emənistan hakimiyyətinə mənfi münasibətini açıq şəkildə bayan edir. Bu müxtəlif formalarda özünü göstərir. Onlardan biri də rus mətbuatında anti-Paşinyan mövqeyin daha açıq formada özünü göstərməsidir. Bütün bunlar, əlbəttə ki, bizim xeyrimizədir. Çünki Ermənistan daxildən həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən zəifləyir. Ölkə daxilində siyasi gərginlik artır. Bütün hallarda Rusiya da anlamalıdır ki, Qarabağ münaqişəsinin həll olunmaması Cənubi Qafqazda Moskvanın maraqlarını təhdid edir. O üzdən, Kreml münaqişənin həllində səylərini artırmalıdır”.
Görünən odur ki, münaqişənin həllinin uzanması Rusiyaya da müəyyən problemlər vəd edir.
Vidadi ORDAHALLI