Postsovet məkanında Azərbaycanın əlaqələrini dinamik şəkildə inkişaf etdirdiyi ölkələrdən biri də Ukraynadır. Xüsusilə son illərdə Azərbaycanın bu ölkəyə yatırdığı sərmayələr və iqtisadiyyatının inkişafına verdiyi töhfələr iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qalxmasına rəvac verib. Bu fonda Azərbaycanın, onun diasporunun Ukraynada mövqelərinin güclənməsi də müşahidə olunur. Artıq burada ermənilərin əvvəlki mövqeyindən əsər-əlamət yoxdur.
Məhz bütün bunların nəticəsidir ki, Ermənistan-Azərbaycan sərhədində baş verən son olayda Ukrayna birmənalı şəkildə ölkəmizin mövqeyini dəstəklədi. Ukraynanın Xarici İşlər Nazirliyi məlum hərbi eskalasiya ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini bir daha təsdiqləyərək, dəqiq bəyanat verdi. Burada Ukrayna hesab edir ki, münaqişə sülh yolu ilə, beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllini tapmalıdır:“Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır”. Ardınca Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatların pisləndiyi, ordumuza, dövlətimizə dəstəklə bağlı möhtəşəm aksiyası keçirildi. Burada əsas iştirakçılar sırasında ukraynalılar da yer alırdı. Məsələyə yenidən münasibət bildirən Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini, Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatı qəti şəkildə pislədiklərini ifadə etdi. Ukrayna Ali Radasının deputatı Valeri Kolyux isə qeyd edir:“Hərbi əməliyyatların yenidən başlanması, mənim fikrimcə, Ermənistanın hakimiyyət orqanlarının əhalinin diqqətini daxili problemlərdən Azərbaycanın simasında xarici düşmənə yönəltmək cəhdidir. Ölkədə daxili çağırışların və ziddiyyətlərin öhdəsindən gələ bilməyən Ermənistanın hakimiyyət orqanları diqqəti Dağlıq Qarabağ münaqişəsi üzərində cəmləşdirir, bununla da öz xalqının ümdə informasiya maraqlarını müəyyən edirlər. Ukrayna daim beynəlxalq hüququn prinsiplərini dəstəkləyib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müdafiə edib və müdafiə edəcək”. Ukrayna Ali Radasının digər deputatı Vladimir Kreydenko da Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatı pisləyib. O bildirib ki, Ukrayna beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünə və toxunulmazlığına sadiq qalır. Deputat qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə yönəlmiş hər cür cəhdlər pislənməlidir:“Döyüşlərdə həlak olan Azərbaycan əsgərlərinin və hərbçilərinin ailələrinə və yaxınlarına başsağlığı verirəm və tərəfləri təmkinli, ehtiyatlı olmağa çağırıram”. Ukrayna Ali Radasının başqa bir deputatı Lüdmila Marçenko isə vurğulayır ki, Ukrayna və Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün bərpasında bir-birlərini dəstəkləyirlər. Deputat bildirib ki, Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdə hər iki tərəfdən itkilər var:“Lakin Ermənistanda qurbanlar və hücum haqqında fərqli məlumatlar verilir. Bu dəhşətdir və xalqın yanlış məlumatlandırma ehtimalıdır. Bu vəziyyət Ermənistanda insanların diqqətini ölkənin daxili problemlərindən yayındırmaq cəhdidir”.
Bütün bunlar siyasi müstəvidə Ukraynanın Azərbaycanın yanında yer aldığını göstərir. Amma Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Bondarenko bildirir ki, Ukrayna iqtisadi müstəvidə də Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır: O qeyd edib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib, bundan sonra da dəstəkləməkdə davam edəcək. Qubernator onu da deyib ki, Dnepropetrovsk vilayəti bir çox cəhətdən Ukraynada lider mövqe tutur. Bölgədə nəhəng sənaye müəssisələri mövcuddur və ölkənin mineral ehtiyatlarının təxminən yarısı da burada yerləşir:“Biz bir çox ölkələrlə, o cümlədən Azərbaycanla iqtisadi, mədəni və təhsil əlaqələrini inkişaf etdirməkdə maraqlıyıq. Bu məqsədlə bölgədə Avropa İnteqrasiyası Ofisini açmağı planlaşdırırıq. Mədəni ənənələrin mübadiləsi mərkəzi və xarici sərmayə cəlb etmək üçün əlverişli mərkəz olacaq. Burada müxtəlif sahələrdə layihələrin uğurla həyata keçirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsini aparmaq mümkün olacaq".
Ukraynalı politoloq Natalya Belous isə bildirir ki, iqtisadi və siyasi müstəvidə iki ölkənin əməkdaşlığının daha da dərinləşməsini gözləmək olar:“Ukrayna, xüsusilə də ərazi bütövlüyü və milli təhlükəsizlik məsələlərində Azərbaycanı dəstəkləyir və dəstəkləyəcək. Bəzi millət vəkillərinin, xüsusilə indiki halda Ermənistanı dəstəklədiklərini bəyan etməsi, yumşaq desək, “anlaşılmazlıq”dır. Mən Ermənistanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləmədiyini unutmamağa çağırıram. Təxmin etmək olar ki, Ermənistan müəyyən lobbi dəstək qruplarını yaratmağa və gücləndirməyə, Ermənistanın sivil, demokratik dövlət olduğunu beynəlxalq ictimaiyyətə sübut etməyə çalışır. O halda, sadəcə, işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarsın”.
Xatırladaq ki, bundan əvvəl də Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi geri qaytarılıb. Ali Rada qondarma “erməni soyqırımı”na dair sənədin müzakirəsindən imtina edib. Bunun ardınca Ukrayna son sərhəd toqquşmalarından sonra Azərbaycana açıq dəstək ifadə edir. Belə vəziyyət Azərbaycanın Ukraynada Ermənistanın mövqelərini tam sarsıtdığını göstərir.
Samirə SƏFƏROVA