Prezident İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi videokonfrans zamanı maraqlı detallara toxunan çıxış edib. Ölkə başçısı həssas məqamlarda radikal müxalifətin necə davranmasına bir tarixi ekskurs da edib. Prezident bildirib ki, bu dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq düzgün olmaz:
“...Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcasına qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi. Ona görə bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz”.
İlham Əliyevin sözlərinə görə, AXC-Müsavat qruplaşması həmişə nəyisə gözləyirlər və həmişə xarici amilə ümid edirlər:“Yadınıza salın, 2005-ci ildə postsovet məkanında inqilablar baş verdiyi zaman onlar da bundan ruhlanıb “narıncı inqilab” etmək fikrinə düşmüşdülər. Hətta özləri üçün ayrı bir rəng də seçməkdə çətinlik çəkdilər, Ukraynadan o vaxt narıncı rəngi götürüb burada tətbiq etmək istədilər. Narıncı rəngdə maykalar, bantlar sifariş edib ölkəmizə gətirdilər. Ancaq bir şeyi nəzərə almadılar ki, o vaxt, 2005-ci ildə parlament seçkiləri noyabr ayında keçirilmişdi. Noyabrda artıq soyuqlar başlayır. O gülməli mənzərə yadımdadır ki, bunlar pencəyin, paltonun üstündən narıncı maykaları geyib küçələrə çıxmışdılar. Bəziləri isə boyunlarına salmış, bəziləri başlarına bağlamışdılar. Bu bir komediya mənzərəsi yaradırdı. Bax, budur bunların qabiliyyəti. O da alınmadı. Ondan sonra “ərəb baharı” başlayanda yenə də ruhlandılar ki, bunların əlinə bir fürsət düşəcək. 2011-2012-ci illərdə Azərbaycanda “ərəb baharı”nın təkrarlanmasını istəmişdilər. O da alınmadı. 2013-cü ildə prezident seçkiləri ərəfəsində hansı eybəcər addımlar atmışdılar, onu hər kəs xatırlayır”.
Göründüyü kimi, Prezident radikal dairələrin keçmişdə, xüsusilə ölkəmiz üçün həssas sayılan dönəmlərdə hansı addımları atdıqları ilə bağlı qısa da olsa fikirlərini bildirib. Ölkə başçısı həmin radikalların 2013-cü ildə prezident seçkiləri ərəfəsində eybəcər addımlar atdıqlarını desə də, bundan ətraflı bəhs etməyib. Maraqlıdır, 2013-cü il seçkiləri ərəfəsində radikal dairələr hansı taktika üzrə hərəkət ediblər? Siyasi təhlilçilər həmin zamanı yaxşı xatırlayır. Həmin ildə Azərbaycanda növbəti Prezident seçkilərinin keçirilməsi nəzərdə tutulurdu. Hakim komanda əvvəlki qaydada öz namizədini tərəddüd etmədən elan etmişdi. Radikal müxalif dairələrdə isə bir vurnuxma hiss edilirdi. Düşərgənin bəzi üzvləri əvvəlcədən güclərini götür-qoy etdikləri üçün İlham Əliyevə alternativ olmaqdan yayınırdılar. Əvvəlcədən acı məğlubiyyətlərini proqnozlaşdıran həmin dairələr seçki mühitini gərginləşdirmək üçün Rusiyadakı bəzi dairələrin hazırladığı plana uyğun hərəkət etməyə başladılar. Faktiki olaraq milli-demokratik düşərgənin təmsilçiləri kimi özlərini təqdim edən təsisatlar Rusiyada hazırlanan bir ssenari üzrə hərəkət etməyə ikiəlli razılıq verdilər. Başladılar neytral və vahid namizəd axtarışına. Həmin vaxt Moskvada yaradılan “Milyarderlər İttifaqı” adlı bir təşkilat prosesləri nəzarət altında saxlayırdı. Beləliklə, bütün bunların nəticəsi kimi bir qədər sonra müxalifət düşərgəsində yeni bir qeyri-ənənəvi qurum meydana gəldi. Qısa müddətdə yaranan bu qeyri-ənənəvi ictimai təşkilat ənənəvi radikal partiyaları idarə etməyə və onları yönləndirməyə başladı. Bu qeyri-ənənəvi ictimai təşkilatın adı "Milli şura" idi. Beləliklə də, radikal müxalifət düşərgəsi üçün öz namizədini müəyyənləşdirmək mürəkkəb, barışmaz və üzücü bir məsələyə çevrildi. Nəhayət, Azərbaycanda güya “Koştunica variantı” deyilən bir planı tətbiq etməyə çalışdılar. Siyasətlə əlaqəsi olmayan ssenarist Rüstəm İbrahimbəyovu vahid namizədləri elan etdilər. Ən dəhşətlisi isə bu oldu ki, “Milli Şura” bilmirdi irəli sürdüyü namizəd başqa ölkənin vətəndaşıdır və onun Azərbaycandakı seçkilərdə iştirak etmək hüququ yoxdur. Çıxılmaz vəziyyətdə, daha doğrusu başsız qalan radikallar məcbur qalıb, siyasi təqaüdçü sayılan Cəmil Həsənlini namizəd kimi irəli sürdülər. Faktiki olaraq dublyor rolunu oynayan Cəmil Həsənli Moskvadan verilən xeyir-dua ilə radikalların vahid namizədi olaraq seçkilərdə iştirak etdi və güclü lider İlham Əliyevin qarşısında məğlub oldu. Həmin hadisə bir daha göstərdi ki, Azərbaycanın radikal dairələri hakimiyyətə gəlmək üçün, hətta şeytanla belə əməkdaşlığa getməyə hazırdırlar...
Məhəmmədəli QƏRİBLİ