“Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu “seçkiləri” tanımadı və açıq-aydın bəyanatlar səsləndi”.
Bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə söyləyib.
Dövlət başçısı Avropa Şurası Parlament Assambleyasının sözügedən “seçkilərə” münasibət bildirməməsini sərt tənqid etdi: “Bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir. Hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir. Baxın, bütün təşkilatlar, o cümlədən, Avropa təşkilatları bəyan edirlər ki, biz bu “seçkiləri” tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər”.
Göründüyü kimi, AŞPA-nın qondarma “seçkiləri” susqunluqla izləməsi bu təşkilatın rüsvayçılığının göstəricisidir. Bütün beynəlxalq qurumlar “DQR”dəki qondarma “seçkiləri” tanımadıqlarını bəyan etdikləri halda, AŞPA bunu niyə susqunluqla izləyir?
“AŞPA-nın qondarma “seçkiləri” susqunluqla izləməsinin heç bir hüquqi əsası yoxdur”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, AŞPA-nın qondarma “seçkiləri” susqunluqla izləməsinin heç bir hüquqi əsası yoxdur: “AŞPA bir sıra dövlətləri təmsil edən deputatlardan ibarət bir strukturdur. Burada ermənipərəst, Azərbaycana qarşı qərəzli mövqe tutanlar az deyil. Onlar hesab edirlər ki, Azərbaycanın AŞPA ilə müəyyən problemləri var. Ancaq hansı ölkədə problem yoxdur? Problem varsa, bunlar həll olunur. Problemin olması ona əsas vermir ki, AŞPA Azərbaycanın ərazi bütövlüyünü tanımasın və ya bununla bağlı mövqe sərgiləməsin. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür. Belə olan halda, AŞPA-nın borcudur ki, separatçı qurumdakı “seçkilərə” münasibət bildirsin. Özü-özlüyündə AŞPA-nın baş verənləri susqunluqla izləməsi qərəzli mövqedir. Ona görə də bu yanaşma qəbuledilməzdir. Bu cür biganə mövqe AŞPA-nın ciddi qurum olmasına kölgə salır. Digər tərəfdən, bu, qurumun müəyyən dairələrin əlində alət olduğunu göstərir. Yoxsa, özünə hörmət edən təşkilat bu cür mövqe tutmaz”.
Vidadi ORDAHALLI