Məlum olduğu kimi, Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Prezident həmin videokonfransda geniş məzmunlu çıxış edib. Ölkənin real vəziyyəti ilə bağlı hansı proseslərin getdiyini detallı izah edən Prezident ölkəmizin koronavirus pandemiyası ilə bağlı düşdüyü bu çətin vəziyyətə sevinən, ondan yararlanmaq istəyən qüvvələrin də olduğunu bildirdi. Bəllidir ki, ölkə başçısı bu xususda əsasən radikal müxalifəti nəzərdə tutub.
Sitat:“...İndi isə koronavirus bunlar üçün, sanki göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır”.
Göründüyü kimi, ölkə başçısı radikal müxalifətin koronavirus dönəmi ilə bağlı bəyənilməyən addımlarının və gələcək üçün planlarının olduğunu qeyd edib. Radikal müxalifət belə gərgin situasiyadan öz xeyri üçün necə istifadə edə bilər, bu yöndə onların hansısa planı ola bilərmi?
Samir Adıgözəlli:“Bütün planlarını da buna qururlar ki, vəziyyət daha da pisləşsin, xalq etiraza qalxsın, bunlar da proseslərin önünə keçsinlər”
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, cənab Prezident çox doğru qənaətə gəlib:“Bunun kifayət qədər məntiqi əsasları var. Onların fəaliyyətini biz izləyirik. Xüsusilə də koronavirus dönəmində daha fəallıqları nəzərə çarpır. Maraqlıdır ki, bu fəallıq dünyanı bürüyən pandemiyanın ölkəmizə necə az ziyan vurması ilə bağlı fəaliyyət istiqamətinə yönəlməyib. Onlar bunu bir fürsət olaraq dəyərləndirirlər. İstəyirlər ki, vəziyyətin yaratdığı narazılıqlar artsın və bunların meydana çıxmasına münbit şərait yaradılsın. Fikir verirsinizə, onların sosial şəbəkədəki bütün fəaliyyətləri vəziyyətin gərginləşməsinə yönəlib. Əsasən də pandemiya ilə bağlı dövlətin üzərinə düşən öhdəlikləri bir az da şişirdib, onu vətəndaşlara qızışdırıcı formada təqdim edirlər. Prezident bildirir ki, onun üçün əsas olan insanların sağlamlığıdır. Gəlin görək, radikalllar üçün də bu meyar belədirmi? Təbii ki, yox. Onlar bu ağır vəziyyətdən də siyasi maraqları naminə istifadə etməyə çalışırlar. Pandemiya müharibənin bir formasıdır. Belə vəziyyətdə siyasi intriqalar kənara qoyulmalıdır. Hamı ümummilli maraq üçün çalışmalıdır. Dövlət sosial paketlər müəyyən edib. Ancaq bütün dünyada biz görürük ki, belə vəziyyətdə əhali də bir-birinə kömək edir. Müxalifətin əlində böyük auditoriyası olan sosial media resursları var. Heç görübsünüz ki, onlar imkansız adamlara yardımlaşmaya çağıran bir paylaşım etsinlər? Etmirlər, əksinə, edənləri lağa qoyurlar, bütün problemləri dövlətin etməli olduğuna dair qızışdırıcı təbliğat aparırlar. Radikal dairələr həmrəylik göstərməkdə maraqlı deyil. Bu cür siyasi mübarizəni təqdir etmirəm. Uzun illərin siyasi meyitinə çevrilmiş bu radikal dairələr belə fors-major vəziyyətdə nəsə edə biləcəklərini düşünürlər. Bütün planlarını da buna qururlar ki, vəziyyət daha da pisləşsin, xalq etiraza qalxsın, bunlar da proseslərin önünə keçsinlər. Ancaq bunu görə bilməyəcəklər”.
Məhəmmədəli QƏRİBLİ