Ermənistanın Rusiyaya yarınmaq yönündəki bütün son cəhdlərinə baxmayaraq, Moskva və İrəvan arasında münasibətlər kəskinləşməkdə davam edir. Xüsusən də Rusiyanın Ermənistana satdığı qazın qiymətində dəyişiklik etməsi üçün İrəvanın cəhdlərinin nəticəsiz qalması özünü qabarıq şəkildə büruzə verir. Ermənistanın “Jamanak” nəşri yazır ki, Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanın qazın qiymətinin ucuzlaşdırılması ilə bağlı çağırışına cavab verməyəcək və iyunun 1-də Ermənistanda qazın qiymətləri bahalaşacaq.
Xatırladaq ki, aprelin əvvəlində Putin-Paşinyan telefon danışığı baş tutub. Nikol Paşinyan qeyd edib ki, “Qazprom”a təsir etməsi və qazın qiymətinin artırılmasına yol verilməməsi üçün Rusiya prezidentinə müraciət edib. Amma hansısa nəticə əldə olunmayıb. Paşinyanın müavini Mher Qriqoryanın “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerə hökumət adından Ermənistana tədarük olunan qazın qiymətinin dəyişdirilməsi ilə bağlı yeni danışıqlara başlamaq üçün məktubu da cavabsız qalıb. Daha doğrusu, Rusiya bunu mümkünsüz sayır. Mher Qriqoryan isə qazın qiymətinin ölkəsi üçün vacib əhəmiyyət kəsb etdiyini bildirir:“Artıq aydındır ki, koronavirusun nəticələri ölkələrimizin sosial-iqtisadi inkişafına mənfi təsir göstərəcək və bu da enerji istehlakının azalmasına səbəb olacaq. Əlbəttə ki, biz istehsal və istehlakın artımını hər şəkildə stimullaşdıracağıq, lakin bu tədbirlərin effektivliyi üçün rəqabət mühitinin təmin edilməsi lazımdır. Hamımız başa düşürük ki, Ermənistanda qazın qiyməti bu mənada çox vacibdir”. O eyni zamanda vurğulayıb ki, enerji bazarlarında mövcud proqnozlar və mövcud vəziyyət, o cümlədən dünya bazarlarında neft və qaz qiymətləri nəzərə alınmaqla, Ermənistan hökuməti ölkəyə verilən qazın qiymətinin dəyişdirilməsi ilə bağlı yeni danışıqlara başlamağı məqsədəuyğun hesab edir. Paşinyanın narazılığı və müavininin məktubuna dərhal Rusiya tərəfindən ildırım sürətli cavab verilib. “Qazprom Armenia” QSC qaz tariflərinin müəyyənləşdirilməsi və ya yenidən baxılması və Dövlət Xidmətləri Tənzimləmə Komissiyasına müraciət edilməsi barədə Ermənistan İctimai Bildirişlərinin rəsmi saytında elan yerləşdirdi. Bu açıqlamaya görə, “Qazprom Armenia” 1 iyul 2020-ci il tarixindən istehlakçılar üçün təbii qazın qiymətini 36% artırmaq niyyətindədir. Ailə və ya sosial yardım almaq hüququ olan istehlakçılar üçün ildə 600 kubmetrədək satılan təbii qaz hər 1000 kubmetr təbii qaz üçün mövcud tarif 100 min dramdır. “Qazprom Armenia” tarifin 136 min dram olmasını təklif edir. Artıq məlumdur ki, bu vəziyyətdə Ermənistan Rusiyadan ucuz qaz ala bilməyəcək. İrəvanın bu xüsusda İrana olan ümidləri də, görünür, nəticəsiz qalacaq. Belə ki, son günlər Ermənistan və İran arasında istər diplomatik, istərsə də iqtisadi sahədə narazılıqlar formalaşıb. Özü də bütün bu gərginlik rəsmi İrəvanın mövqeyi ilə bağlıdır. Xüsusilə İsraildə erməni səfirliyinin açılması qərarı ilə əlaqədar İranda Ermənistana qarşı qəzəbli mövqe formalaşıb. Bunun ardınca isə bir neçə gün əvvəl ermənilərin İran-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün yaydığı İran nömrəli maşınlarla işğal altında olan Qarabağa malların daşınması videosu ortaya çıxdı. Bununla bağlı İranın Azərbaycandakı səfirliyindən Ermənistanın İran-Azərbaycan münasibətlərini korlamaq cəhdini pisləyən, Bakının ərazi bütövlüyü və İran-Azərbaycan münasibətlərinin yaxınlığından bəhs edən bir açıqlama yayıldı. Səfirlik bəyan etdi ki, yayılan görüntülər həqiqəti əks etdirmir: "İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı yayımlanan xəbəri təkzib edərək bildiririk ki, Tehran-Bakı əlaqələrinin hərtərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu inkişaf prosesinin qarşısını almaq məqsədilə saxta video yayaraq, iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar. Azərbaycan Respublikasının hörmətli xalqının diqqətinə çatdırırıq ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil. Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışmışlar. Göründüyü kimi, sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır". Bununla İran açıq şəkildə Ermənistanın təxribatçı mövqeyindən narazılığını meydana qoydu. Bu həm də İranın Ermənistandan narazılığını nümayiş etdirmiş oldu. Maraqlıdır ki, belə vəziyyətdə İrəvan İranla münasibətin gərginləşməsinə görə Rusiyanı günahkar çıxarmağa çalışır. Qeyd eduilən xüsusda erməni siyasi ekspert Aram Amatuni vəziyyəti gərginləşdirməyə çalışan maraqlı tərəflərdən birinin Rusiya olduğunu bəyan edir: “Ermənistan-Rusiya qaz danışıqlarının olduqca çətin və həlledici mərhələsinə qədəm qoyulduğu bir vaxtda, burada təkcə qaz deyil, həm də regional enerji münasibətləri ilə əlaqəli enerji məsələləri də nəzərdən keçirilə bilər. Bu fonda Rusiya mediasında Ermənistan-İran münasibətlərini hədəf alan incə bir prosesin getməsi çox maraqlıdır. Erməni soyadlı insanların ənənəvi olaraq bu prosesdə və ya bu cür qəribə proseslərdə iştirak etməsi artıq kədərli xəbər deyil və uzun müddətdir ki, davam edən olduqca xoşagəlməz bir vəziyyət halına gəlib. Maraqlıdır ki, İrandakı əhval-ruhiyyə, Ermənistan-İran münasibətlərini hədəf alan mənbələrdən biri məhz elə İran daxilindəki köklü qiymətləndirmələrdir. Əlbəttə, İranda belə əhval-ruhiyyələrin ola bilməsi təəccüblü və ya gözlənilməz deyil. Axı, Ermənistan-İsrail münasibətləri Tehranı düşünməyə vadar edən bir amil ola bilər”. Belə vəziyyətdə Amatuni İrandan qaz alınmasının Ermənistan üçün çox çətin olacağını da bildirib.
Nahid SALAYEV