Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Boladi kənd sakini olan qadın gecə saatlarında yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin ondan pul tələb etdiyini, pulu olmadığına görə onların aradan çıxdıqlarını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkldə şübhəli bilinən kənd sakini olan 3 yeniyetmə saxlanıb.
Araşdırmalar zamanı saxlananların ev sahibini bıçaqla hədələdikləri də müəyyən edildiyindən, faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
Aprelin 23-də isə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Xətai rayonu ərazisindəki mağazaların birindən quldurluq yolu ilə pul aparılması barədə müraciət daxil olub.
Məlumatla əlaqədar darhal Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, gecə saat 1 radələrində G.Mehmandarov küçəsindəki mağazaya gəlmiş 2 maskalı şəxs satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək kassadakı 230 manat pulu aparıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 35-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər saxlanıb.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə olduqları müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı