İyunun 9-da paytaxtın Səbail rayonu, İçəri şəhər ərazisində yaşayan Aleksandr Sabrıkin DİN-in "102 Zəng Mərkəzi"nə müraciət edərək, evindən açıq qalmış qapıdan girilməklə pulunun və mobil telefonunun oğurlanması barədə məlumat verib.
Hadisə yerinə 9-cu Polis Bölməsinin əməliyyat qrupu gəlib. Əldə edilən əməliyyat məlumatları əsasında oğurluğun zərərçəkmişin köhnə tanışlarından biri - Faiq adlı şəxs tərəfindən törədildiyi müəyyən edilib və görülmüş tədbirlərlə o saxlanaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun iyunun 7-də adaşı Faiq adlı şəxslə birgə Bakı şəhər sakini Aleksandr Anfinogenova məxsus velosipedi də oğurladığı müəyyən edilib.
Maştağa qəsəbəsində yaşadığı dəqiqləşdirilən Faiq Əliyev də əməliyyatçılar tərəfindən tutularaq Polis Bölməsinə gətirilib. O, həmin velosipedi bazara aparıb tanımadığı şəxsə satdığını etiraf edib.
Ətraflarında aparılan tədbirlərlə onların birlikdə fevral ayının 9-da paytaxt sakini Azad Ağaşova məxsus evdən kabel və inşaat materialları oğurladıqları, onu əlvan metalların qəbulu məntəqələrindən birinə satdığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb.
Natiq Cavadov, DİN mətbuat xidmətinin əməkdaşı