Xətai Rayon Polis İdarəsinin məsul növbətçisi, polis mayoru Arif Həbibli növbədən sonra evinin yaxınlığındakı "Zabitlər bağı"nda dincələn zaman bir nəfərin orada istirahətə gələn qadınlara göz qoyduğu diqqətindən yayınmır.
Bir qədər keçmiş o, həmin şəxsin iki körpə uşağına başı qarışmış qadının skamyadakı çantasından pulqabısını götürüb köynəyinin yaxasından içəri ataraq aradan çıxdığını görüb. Dərhal həmin şəxsi saxlamaq üçün onun arxasınca qaçıb. Xeyli məsafə qət etdikdən sonra onu yaxalamağa müvəffəq olub. O, bu barədə ərazi aidiyyatı üzrə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə məlumat verib və həmin şəxsi hadisə yerinə gələn əməliyyat qrupunun əməkdaşlarına təhvil verib.
Zərərçəkmiş şəxsin axtarışı ilə əlaqədar Arif Həbibli hadisə yerinə yollanan əməliyyat qrupu ilə birgə bağın qarşısında həmin qadının təlaş içində pulqabısını axtarmaq üçün ətrafdakılardan kömək istədiyini görüb.
Polis əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə yaxalanan şəxsin Bakı şəhər sakini Anton Çernov olduğu müəyyən edilib. A.Çernovun oğurladığı, içərəsində 829 manat, bankomat kartları və sənədlər olan pulqabı zərərçəkmiş qadına qaytarılıb.
Araşdırmalarla həmçinin A.Çernovun Xətai rayonu ərazisində müvəqqəti yaşadığı mənzildən kirayə haqqını ödəmədən çıxıb getdiyi, hətta oradan 2 ədəd kondisioner, paltaryuyan, soyuducu, kombi, soba, televizor və ev telefonunu oğurladığı da müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb, A.Çernovun digər cinayətlərdə iştirakı araşdırılır.
Zərərçəkmiş qadın polis əməkdaşlarına, xüsusən polis mayoru Arif Həbibliyə xidmətdən kənar vaxtda göstərdiyi bu fədakarlığa və operativliyə görə təşəkkürünü bildirib.
Natiq Cavadov, DİN mətbuat xidmətinin əməkdaşı