Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V. Zeynalovun vəkili Ceyhun Yusifov Beytulla Hüseynova suallar verib. Vəkil ondan soruşub ki, ittihamda məbləğlər şişirdilib deyəndə nəyi nəzərdə tutub. B. Hüseynov deyib ki, xərclər nəzərə alınmayıb. Vəkil ondan göstərişi kimdən almasını soruşub. B. Hüseynov ad çəkmək istəmədiyini deyib. B. Hüseynov verdiyi ifadəni təsdiq etdiyini deyib. Daha sonra onun ifadəsi elan edilib. O, istintaq zamanı verdiyi ifadəsində məbləğin şişirdilməsi barədə göstərişi onlara nazir Əli Abbasov verib: "Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək. O, bizim onları aldadıb aldatmamağımızı yoxlayırdı. İlk aylar 200-250 min, sonrakı aylar isə 100-150 min pulu Anar Mustafayev vasitəsi ilə Vidadi Zeynalova vermişik".
Daha sonra Anar Mustafayev ifadə verib. O, bildirib ki, istintaq zamanı ona qərəzli münasibət göstərilib: "Beytulla Hüseynov mənim əməliyyatım üçün 8000 min, müalicəm üçün 7000 min manat verib. Əgər paket almışamsa niyə ondan pul istəyirdim? Mənə verilən puldan 2000 min manat özümə qalıb. Qalanları xərclənib. İstintaq zamanı verilən məbləği dəqiq söyləməmi istədilər. Mən də xatırlamadığım üçün dedim ki, Vidadi Zeynalova 2-3 dəfə bağlama vermişəm. Lakin içində nə olduğunu bilməmişəm.
Amma bəzi yerlərdə dollar-manat məsələsində səhv ediblər. Xarici şirkətlər bizə deyirdilər ki, müqaviləni bizimlə imzalayın, sizə bonus verəcəyik. Bunlar rəsmi qeydə alınmırdı.
Beytulla müəllim üzləşmədə mənə ayda 2500 manat verdiyini dedi, mən də 2500 yox, 2 min verdiyini deməyə utandım. Çünki 10 il rəhbərim olmuşdu. Tenderlərdə öz adamlarımızı qalib edirdik, Bayram Vəliyev, Namazali Məmmədov və Emin Məmmədovun haqqına girirdik. Buna da özləri razılıq verirdi. Kimsə 100 manat investisiya qoyursa, 30-35 manat əlavə qazancı olur. Biz tikinti sahəsində məcburiyyət qarşısında qalıb monopoliya qurmuşduq...
Buna isə məcbur olmuşuq. Çünki Emin Məmmədov deyirdi vəsaitlər kifayət etmir. Biz də Bayrama dedik ki, o da şirkət yaratsın işləyək. Bununla başqasının 170 manata gördüyü işləri 130 manata həll etmişik. Bilirdik ki, bir gün qapı döyüləcək və soruşacaqlar. Biz karyeramızı sona çatdırmaq üçün vəzifəyə gəlməmişdik. Bakıda 36 bina tikilib, hamısına FHN tərəfindən əmsal qoyulub.
2005-2015-ci illərdə hər ay əmək haqqımdan əlavə 800-2500 manat pul aldığımı da etiraf edirəm. Bu pulları ya özümüz oğurlamalıydıq, ya da başqasının oğurlamasına göz yummalıydıq. Qismən də olsa, özümü təqsirli bilirəm".
Prosesdə Anar Mustafayev prokurorun suallarını cavablandırıb. Prokuror ondan qiymət artımı barədə göstərişin kim tərəfindən verildiyini soruşub. A. Mustafayev bildirib ki, o, bundan sonradan xəbər tutub: "Mənim yanımda Beytulla Hüseynova göstəriş gəlməyib, sonradan bildim. O zaman mənim 27, onun 42 yaşı var idi".
İclasda məlum olub ki, 2005-ci ilin aprel ayında Beytulla Hüseynov BTRİB-yə direktor, Anar Mustafayev isə baş mühasib təyin edilib. A. Mustafayev paket şəklində aldığı pulla bağlı bildirib ki, bu, ayda 800-1000 manat arasında dəyişib və ümumi olaraq, 95-110 min manat olub.
B. Hüseynov isə bildirib ki, Anar Mustafayevə ayda 7000 manat verib, lakin hamısı ona qalmayıb: "Onun 30 işçisi var idi".
A. Mustafayev işlədiyi dövrdə əmək haqqının 560 manatdan 1000 manata qədər olduğunu söyləyib. O, mal-materialı bazar qiymətindən aşağı qiymətə alıb, həmin məbləğin 20-25 faiz artırıldığını deyib. A. Mustafayev bildirib ki, Bayram Vəliyev, Emin Məmmədov və Namazalı Məmmədovun razılığı ilə onlara çatan məbləği mənimsəyiblər: "Biz dövlət əmlakını mənimsəməmişik. Əməkdaşların onkoloji xəstəlikləri, toyları, yasları, tədbirlərin hamısı həmin pulla edilib. Mən nazirliyə verilən pulun məbləğin bilmirəm. Bunu Beytulla Hüseynov və Vidadi Zeynalov bilir".
Daha sonra Bayram Vəliyev ifadə verərək istintaqa verdiyi ifadəsini təsdiq edib. Onun istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində B. Hüseynovun göstərişi ilə şirkətlər təsis etdiyini, direktorun isə B. Hüseynov olduğunu deyib. Bildirib ki, şirkətlər bir müddət B. Hüseynovun arvadının adına keçib, sonra yenidən B. Hüseynovun adına dəyişdirilib. Onun sözlərinə görə, tenderlər formal olub və bunu B. Hüseynov təşkil edib. B. Vəliyev ayda 1000 manat rəsmi maaş, 1500 manat isə paket şəklində alıb. İclasda V. Zeynalov ittiham aktını almadığını deyib. O, ittiham aktının verilməsini xahiş edib.
İclas dekabrın 2-də davam edəcək.
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Trend, APA