Sentyabrın 10-da Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.
“Trend”in məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyilə keçirilən prosesdə şikayət araşdırılaraq qərar qəbul edilib. Məhkəmə V.Hacıyevin şikayətini təmin etməyib.
Qeyd edək ki, bu il sentyabrın 2-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Vilyam Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb.
Həmin gün Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən, nazirliyin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirməsi ilə bağlı verdiyi vəsatətə də baxılıb.
“Trend”in məlumatına görə, hakim İlkin Rüstəmlinin sədrliyilə keçirilən prosesdə vəsatət araşdırılıb və qərar elan olunub. Məhkəmənin qərarı ilə vəsatət təmin edilməyib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirliyin İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əmələ yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.