Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini S.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə getmək məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib. İdarə əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini Samir Mehralıyev və tanışı, Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Abbasov qısa müddətdə müəyyən edilərək saxlanıb.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.