Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanıb. Belə ki, polisə avqustun 21-də Yasamal rayonu B.Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manatlıq saxta əskinas verilməsi ilə bağlı məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən paytaxt ərazisində kirayə yaşayan Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan Ağcabədi rayon sakini Rəşadət Hacıyev saxlanıb. Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X.Məmmədovdan əlavə olaraq 8 ədəd saxta 50 manatlıq əskinas götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.