İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun 4 nəfər Qəzli və Quşencə kənd sakini onlara məxsus iribuynuzlu mal-qaranın oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan 7 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrəfil Alızadə olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanıb. Saxlanan şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb, onların digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.