Sentyabrın 2-də Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində olan həbs- qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
“Trend”in məlumatına görə, prosesdə təqdimat təmin olunub və V.Hacıyevin həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Xatırladaq ki, V.Hacıyev Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Sultanov Zakir İmran oğlunun barəsində olan həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı da istintaq orqanının verdiyi təqdimata baxılıb.
Prosesdə istintaq orqanının təqdimatı təmin edilib və Z. Sultanovun barəsində olan həbs qəti imkan tədbirinin müddəti 3 ay uzadılıb.
Səbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin keçmiş müavini Bayramov Rafiq Yasin oğlunun da məhkəməsi keçirilib. Rafiq Bayramov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb və həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.