Yasamal Rayon Prokurorluğundan “Bakı-Xəbər”ə verilən məlumata görə, iyulun 25-də saat 14 radələrində, paytaxtın Yasamal rayonu ərazisində 1994-cü il təvəllüdlü Zümrüd Sadıqovaya və onunla birlikdə yaşayan 1987-ci il təvəllüdlü İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarəti yetirilməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla 1996-cı il təvəllüdlü Sadiq Sadıqovun həmin gün saat 13 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Zümrüd Sadıqovaya və sonuncu ilə birlikdə yaşayan İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarəti yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Sadiq Sadıqov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hazırladı: Zümrüd VƏLİYEVA