Martın 17-dən bugünə qədər xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 9 cinayət işi üzrə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 252 nəfər inzibati həbs edilib, 56 871 nəfərə inzibati cərimə tətbiq olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən baki-xeber.com-a verilən məlumata görə, respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 15-dən 17-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 6 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.
Ötən iki gün ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 8 970 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 23 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 1 nəfər şübhəli şəxs qismində tutulub.
Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və qərarlarına ciddi riayət etməyə çağırırıq.