Cahid İsmayıloğlu: “Ölkədə ilk növbədə elektron ticarətin genişlənməsi üçün hərtərəfli şərait yaradılmalıdır”
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub. Belə ki, “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Məqsəd iki ölkə arasında müvafiq sahədə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək, planlaşdırılan layihələrin həyata keçirilməsi üçün razılaşma imzalamaq olub. İkitərəfli görüşdə Çinin Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancun Azərbaycanda Çinlə birgə yeni e-ticarət platformasının yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Bu platforma Azərbaycan vətəndaşlarına e-ticarət portalı üzərindən operativ xidmətlərin göstərilməsinə hesablanıb.
Müasir dövrdə e-ticarətlə məşğul olan şirkətlərin və xidmətlərin çoxluğunu nəzərə alaraq, birgə yaradılacaq platforma vasitəsilə daha rahat, operativ ticarət bazarının qurulması təklif olunub.
Eyni zamanda, Çin Xalq Respublikasından sifariş olunan e-ticarət məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsi məsələsi də müzakirə olunub.
Quanzhou şəhərinin innovasiya layihələri və yüksək texnologiya şirkətlərinin, eləcə də Hesablama-Ticarət Palatasının nümayəndələrinin qatıldığı görüşdə planlaşdırılan yeni layihələrin həyata keçirilməsi üçün ikitərəfli razılaşma imzalanıb.
Onu da qeyd edək ki, “Azərpoçt” MMC, “Silk Way” və Çinin “Aerotrans” şirkəti ilə ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün Azərbaycanın regional tranzit poçt mərkəzi (HUB) rolunu oynadığı layihədə də birgə əməkdaşlıq edir.
O da məlumdur ki, dünyada elektron ticarətin miqyası get-gedə genişlənir. Çinin də böyük iqtisadi gücə malik olduğunu nəzərə alsaq, Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklifini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən İKT üzrə ekspert Cahid İsmayıloğlu buna müsbət prizmadan yanaşdı: “Bu məsələdə hesab edirəm ki, Azərbaycanda ilk növbədə elektron ticarətin genişlənməsi üçün hərtərəfli şərait yaradılmalıdır. Daha sonra bunun həcmini artırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Çində elektron ticarət yüksək səviyyədə inkişaf edib. Bu mənada sözügedən sahədə əməkdaşlıq Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin artmasına təkan verə bilər. Elektron ticarətin stimullaşmasına mane olan faktorlardan biri daşımaçılıqdır. Yəni burada söhbət poçt xidmətinin hansı səviyyədə təşkilindən gedir. Hesab edirəm ki, bu problemlər həll olunandan sonra istehsalçı şirkətlərin ixracda elə bir problemi olmaz. Onlar Çinlə əməkdaşlıq etməkdə maraqlı olacaqlar. Bu həm də elektron ticarətlə bağlı platformaları gücləndirəcək. Eyni zamanda, Çinlə sözügedən sahədə əməkdaşlıq çərçivəsində bu ölkə vasitəsilə dünyanın bir sıra dövlətlərinə mal və məhsullar ixrac edə bilərik. Çünki Çinin istehsal potensialı çox güclüdür. Həm də Çin böyük bazardır. Bir sözlə, bununla bağlı platformalar yaradılmalıdır. Çinə aid olan mallar əsasən sosial şəbəkə üzərindən satılır. Bunun da effekti o qədər də yoxdur. Belə platformalardan sonra bunu inkişaf etdirmək mümkündür”.
Vidadi ORDAHALLI