Fuad İbrahimli: “Bu güzəşt bankların sağlamlaşdırılmasına təsir edəcək”
Kredit portfelində real sektora qoyulan kreditlərin xüsusi çəkisinin üstünlük təşkil etdiyi bankların real sektora orta faiz dərəcəsindən aşağı olmaqla verdiyi kreditlər üzrə əldə etdikləri gəlirlərinin müddətli mənfəət vergisindən azad edilməsi təklif olunur.
Belə bir təkliflə Hesablama Palatasının aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Müstafayev iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi ilə bağlı məqaləsində çıxış edib. O qeyd edib ki, bankların real sektorun müxtəlif sahələrində kredit əməliyyatlarını genişləndirmək məqsədilə kredit istifadəçilərinin maliyyə göstəricilərinin şəffaflığının artırılması, kredit təşkilatları tərəfindən konsaltinq xidmətlərinin göstərilməsi, o cümlədən müştərilərin investisiya təşəbbüsləri üzrə inkişaf strategiyalarının müəyyən edilməsi və həyata keçirilməsində yardım göstərilməsi, müştərilər üçün biznes-planların hazırlanması və s. tövsiyə olunur.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində kommersiya bankı real sektorun əsas maliyyə mənbələrindən hesab olunur. Real sektoru maliyyələşdirən banklara isə dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunur.
Ekspertlərin fikrincə, Azərbaycanda real sektoru daha çox maliyyələşdirən banklara vergi güzəştlərinin tətbiq olunması bank sektoruna müsbət təsir edəcək.
İqtisadçı-ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bank sektoruna hər hansı bir sahə ilə bağlı güzəşt tətbiq oluna bilər: “Mühüm əhəmiyyət kəsb edən sektora imtiyazlı güzəştlər təklif olunur. Real sektorun inkişafında xüsusi rolu olan banklara vergi güzəştinin tətbiq olunması bank sektorunun stimullaşdırılmasına səbəb olacaq. Xarici ölkələrdə də belə bir qayda var. İqtisadiyyatın inkişafına xüsusi töhfəsi olan banklara dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunur”.
Həmsöhbətimiz onu da vurğuladı ki, real sektoru daha çox maliyyələşdirən banklara vergi güzəştinin tətbiq olunması bank sektorunu stimullaşdıracaq: “Bu güzəşt bankların sağlamlaşdırılmasına təsir edəcək. Eyni zamanda, banklar arasında rəqabət yaranacaq. Beləliklə, banklar real sektora maliyyə ayırmaqda maraqlı olacaqlar”.
Günel CƏLİLOVA