Əli Əlirzayev: “Azərbaycan bütün ölkələrlə əməkdaşlıqda maraqlıdır”
"Cənub Qaz Dəhlizi" layihəsi perspektivdə Balkan ölkələrinin təbii qaz tələbatının təqribən 40-50 faizini təmin edə biləcək. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov VII Beynəlxalq "Caspian Energy 2018" forumunda bəyan edib.
Nazir sözügedən məsələ ilə bağlı bildirib ki, layihənin buraxılış qabiliyyəti vahid həcmlə məhdudlaşmır: “Layihənin strateji əhəmiyyətindən danışarkən qeyd etmək lazımdır ki, "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi baxımından həssas region olan Şərqi Avropaya yönəlib. Layihə Bolqarıstan və Yunanıstanın qaza olan tələbatının 30-35 faizini və ilkin mərhələdə İtaliyanın ümumi tələbatının təqribən 10 faizini təmin edə biləcək, ikinci mərhələdə isə bu ölkələr üçün qaz qovşağına çevriləcək. İnterkonnektorların köməyi ilə layihə Balkan ölkələrinin tələbatının təqribən 40-50 faizini təmin edə biləcək”.
P.Şahbazov onu da vurğulayıb ki, gələcəkdə "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz tədarükü həcmləri artırıla bilər: “Layihənin buraxılış qabiliyyəti vahid həcmlə məhdudlaşmır. Gələcəkdə bu layihə ilə qaz yalnız "Şahdəniz-2"dən deyil, digər yataqlardan da ixrac oluna bilər”.
Görünən odur ki, “Cənub Qaz Dəhlizi”nin Avropanın enerji təminatında önəmi artmaqdadır. Yəni adıçəkilən layihə çərçivəsində Balkan ölkələri də qazla təmin olunacaq.
Sözügedən məsələni dəyərləndirən iqtisadçı-alim Əli Əlirzayevin fikrincə, prinsipcə, perspektivdə Balkan ölkələrini də qazla təmin etmək mümkündür: “Çünki genişlənməsi imkanları “Cənub Qaz Dəhlizi”nin Avropa üçün əhəmiyyətini daha da artırır. Söhbət həm tədarükçünün, həm də istehlakçı ölkələrin sayının artmasından gedir. Tədarükçü ölkələr artarsa, “Transxəzər” boru kəməri çəkilərsə, o zaman bunun üçün geniş imkanlar açılacaq. Xüsusən də Türkmənistan layihəyə qoşulsa, o zaman Avropaya daha böyük həcmdə təbii qaz çıxarmaq mümkündür. Çünki bu ölkənin qaz ehtiyatları böyükdür. Digər ölkələr də bu layihəyə qoşula bilər. Azərbaycan bütün ölkələrlə əməkdaşlıqda maraqlıdır. Gərək qazını dünya bazarına çıxarmaq istəyən ölkələr buna səy göstərsinlər. Nəzərə almaq lazımdır ki, “Cənub Qaz Dəhlizi”ni Albaniya ilə bağlayacaq birləşdirici xətt – İonik- Adriatik boru kəmərinin bir hissəsinin layihələndirilməsində “SOCAR Balkans” şirkətinin iştirakına dair niyyət məktubu imzalanıb. Azərbaycan qazının Cənub Şərqi Avropa ölkələri üçün əhəmiyyəti ikiqat artıqdır. Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən “Cənub Qaz Dəhlizi” layihəsi genişlənməklə həm də regionda geosiyasi ab-havaya müsbət təsir göstərə bilər. “Cənub Qaz Dəhlizi” “Şahdəniz” yatağının istismarının ikinci mərhələsinin işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərindən ibarətdir. “Cənub Qaz Dəhlizi” vasitəsilə ildə 6 milyard kubmetr “Şahdəniz” qazı Türkiyəyə, 10 milyard kubmetr mavi yanacaq isə Avropaya nəql olunacaq. Əlbəttə, qaz satmaq istəyən ölkələr bu layihəyə qoşulsa, o zaman perspektivdə daha böyük həcmdə qaz bazara çıxarılacaq”.
Vidadi ORDAHALLI