Qadir Bayramlı: “Yerlərdə arıçılıqla bağlı işlər düzgün şəkildə icra olunarsa, Azərbaycanda keyfiyyətli bal istehsal edilər”
Məlum olduğu kimi, Azərbaycanda arıçılıqla məşğul olanlara subsidiya veriləcək. Baş nazir Novruz Məmmədov “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib. Qaydalarda nəzərdə tutulur ki, arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində subsidiya verilsin.
Qeyd edək ki, bu qərar 2018-ci il də daxil olmaqla, 5 (beş) il müddətində qüvvədə olacaq.
Maraqlıdır, arıçılığın inkişafı üçün subsidiyanın ayrılması bal istehsalına necə təsir edəcək?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar bu sahəyə diqqət ayrılır. Ancaq buna rəğmən, bəzi problemlər də var: “Azərbaycanın əksər bölgələrində arıçılığın inkişafı üçün xüsusi şərait var. Azərbaycanın yerli arı sortları olub. İqlim dəyişikliyi və arıçıların lazımi preparatlarla təmin olunmasında problemin yaşanması bu sahəyə öz təsirini göstərir. Onu da qeyd edim ki, arıçılıqla bu sahənin peşəkarları olmayan şəxslər məşğul olur. Uzun illər bu sahədə təcrübə qazandıqdan sonra arıçılıqla məşğul olmaq olar. Danılmaz faktdır ki, bu gün keyfiyyətli bal tapmaq asan deyil.
Arıçılığın inkişafına təsir göstərən məsələlərdən biri də preparatların plansız şəkildə istifadə olunmasıdır. Bu, arıçılığa böyük ziyan vurur. Həmçinin, meşə sahələrinin azalması da arıçılığın inkişafına mənfi təsir göstərir. Xüsusi olaraq qeyd edim ki, pətəklərin yerinin dəyişdirilməsi düzgün deyil. Bu məsələ diqqətə alınarsa, arıçılıqda müsbət irəliləyiş əldə etmək olar”.
Həmsöhbətimizin sözlərinə görə, dövlətin arıçılığın inkişafı üçün ayırdığı subsidiya bütün rayonları əhatə edərsə, bunun bal istehsalına müsbət təsiri olar: “Yerlərdə arıçılıqla bağlı işlər düzgün şəkildə icra olunarsa, Azərbaycanda keyfiyyətli bal istehsal edilər”.
Günel CƏLİLOVA