“LUKoyl-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti özünün yanacaqdoldurma (YDM) məntəqələrinin sayını artırmaqda davam edir. Bu yaxınlarda isə Bakıda “LUKoyl” brendi ilə 58-ci YDM -in açılışı olub.
Bu sözləri baki-xeber.com-a açıqlamasında “LUKoyl-Azərbaycan” QSC-nin direktoru Eduard Muxametov deyib. Onun sözlərinə görə, artıq ”LUKoyl”un Azərbaycandakı müştərilərinin sayı gündəlik 80 min nəfəri ötür. “Bu çox yüksək rəqabətli bazardır, bizdən ötrü isə hər bir müştəri dəyərlidir. Bu səbəbdən “LUKoyl-Azərbaycan” fasiləsiz olaraq öz YDM-lərində keyfiyyəti nəzarətdə saxlayır, xidmət səviyyəsini artırır, eyni zamanda, vaxtaşırı avadanlıqların modernləşdirilməsini həyata keçirir”- direktor bildirib. E.Muxametov deyib ki, QSC-nin texniki avadanlıqları Azərbaycan Respublikasının texniki şərtlərinə tam cavab verir. Yanacaq-paylama cihazları Azərbaycan Metrologiya İnstitutunun təyin etdiyi dozada yanacaq buraxılışını təmin etmək üçün müntəzəm yoxlamadan keçir. Bu yanacaq cihazları nömrələnib möhürlənir ki, bu da kənar müdaxiləni mümkünsüz edir. “LUKoyl”un Azərbaycandakı yanacaqpaylama cihazları, həmçinin, paylayıcı boruda hava tıxaclarının yaranmasını mümkünsüz edən qapayıcılarla da təchiz olunub.
E.Muxametov qeyd edib ki, yaradılan bu kimi imkanlar nəticəsində hər bir müştəri istənilən YDM-də yanacaq ötürən cihazın ötürücülük qabiliyyətini xüsusi avadanlıqla yoxlaya bilər. Xidmət səviyyəsi ilə bağlı ortaya çıxa biləcək hər hansı sualla isə sutka boyu fəaliyyət göstərən “Qaynar xətt”lə əlaqə saxlamaq mümkündür.
“İlin əvvəlindən bugünə kimi 125 belə müraciət almışıq, onlardan 113-də bizim YDM-lərlə bağlı şikayətlər təsdiqini tapmayıb və sonradan müraciət edən müştərilər də bununla razılaşıb. Lakin 12 müraciət təsdiqini tapdığından, 5 nəfər YDM əməkdaşıının inzibati məsuliyyətə cəlb olunması və 7 nəfərin işdən uzaqlaşdırılması üçün əsas olub”. Lakin direktor deyir ki, bütün bunlara rəğmən, ən yüksək nailiyyətlərə çatdıqları barədə illüziyada deyillər, “LUKoyl” müntəzəm olaraq YDM-lərdə xidmət səviyyəsini qaldırmaqla müştərilərin məmnuniyyətini qazanmaqda maraqlıdır. O deyib ki, “Qaynar xətt” və Təkliflər kitabından əlavə, müasir kommunikasiyalar – sosial şəbəkələr vasitəsilə də stansiyalardakı xidmət haqqında müraciətlərə operativ reaksiya göstərirlər.
Xatırladaq ki, “LUKoyl Azərbaycan” ölkəmizdə 1993-cü ildən fəaliyyət göstərir. Şirkət hazırda burada 58 YDM və ildə 320 ton neft məhsullarının emalını təmin edən neft bazası ilə təmsil olunur. Bunun nəticəsində isə “LUKoyl” yerli bazarda Azərbaycan şirkətlərinin avtomobil benzini, dizel yanacağı və sürtkü materialları ilə ən etibarlı təminatçısı olmağı bacarıb.
Baki-xeber.com