İlham Şaban: “Müasir standartlara cavab verən texnologiyaya malik olmaq xarici ölkələr qarşısında böyük nailiyyətlər əldə etmək deməkdir”
SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların aşkar olunması və ilkin kəşfiyyat işləri ilə bağlı bir sıra xarici şirkətlərlə danışıqları yekunlaşdırıb. Bunu Azərbaycanda Neftçilər gününə həsr olunmuş tədbir zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, danışıqların yekunlarına əsasən artıq razılıq da əldə olunub.
Azərbaycanda qaz yataqlarının işlənməsi barədə danışarkən R.Abdullayev qeyd edib ki, 2020-ci ildə “Ümid” qaz-kondensat yatağının ikinci platformasında yeni quyunun qazılmasına başlanacaq: “Qazma işləri 2020-ci ildə başlanacaq. Quyu 2021-ci ildə istifadəyə veriləcək”.
Xəzərdə yeni perspektiv strukturların axtarışları üçün xarici şirkətlərin cəlb olunması barədə fikir bildirən enerji məsələləri üzrə ekspert İlham Şaban “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, axtarış-kəşfiyyat işləri kapital tələb edən sahədir: “İndiyə kimi Xəzər dənizində Azərbaycana aid kəşfiyyat işlərinə təqribən 3,5 milyard dollar xarici investisiya cəlb olunub. Azərbaycan tərəfi buna heç bir yatırım etməyib. Həmçinin, bu sahədə yüksək texnologiyaya nail olmaq lazımdır. Müasir, yeni texnologiyaya sahib olmaq mürəkkəb məsələdir. Çünki xarici şirkətlərin böyük əksəriyyəti texnologiyanı satmır. Ölkəmiz xarici şirkətlərlə texnologiya ilə bağlı əməkdaşlıq etməsəydi, Azərbaycan tərəfi bu qədər uğura sahib ola bilməzdi. Xəzərdə Azərbaycandan sonra uğurlu addım atan Qazaxıstandır. Daha sonra Türkmənistandır”.
Həmsöhbətimizin sözlərinə görə, müasir standartlara cavab verən texnologiyaya malik olmaq xarici ölkələr qarşısında böyük nailiyyətlər əldə etmək deməkdir: “Daha dərin qatlarda perspektivlər əldə etmək üçün xarici şirkətlərlə əməkdaşlığı davam etdirmək lazımdır”.
Günel CƏLİLOVA