Vüqar Bayramov: “Bu, iqtisadi diversifikasiya ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində mühüm göstəricidir”
“Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Təkcə onu demək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu, çox böyük göstəricidir və doğrudan da göstərir ki, bu sahədə nə qədər böyük işlər görülüb və görüləcək”. Bu fikirləri Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında çıxışı zamanı bildirib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan sənaye inkişafı istiqamətində çox düzgün yoldadır: “Bakı və Sumqayıt şəhərləri Cənubi Qafqazın əsas sənaye şəhərləridir. Bu il Sumqayıt şəhərində böyük sənaye müəssisələrinin yaradılması təmin edilir. Bir neçə ay bundan əvvəl onlardan birinin - polipropilen zavodunun açılışı olmuşdur, polietilen zavodunun açılışı isə ilin sonuna planlaşdırılır. Bu iki zavodun sərmayə həcmi 800 milyon dollardan çoxdur. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq sərmayənin həcmi 2 milyard dollardan çoxdur. Əgər biz vaxtilə o böyük ərazini orada olan yararsız vəziyyətə düşmüş binalardan təmizləməsəydik, sahibkarlara bu şəraiti yaratmasaydıq, dövlət vəsaiti qoyulmasaydı, 2 milyard dollar vəsait də qoyulmazdı”.
Ölkə başçısının fikrincə, Masallıda həyata keçirilən bu gözəl layihə göstərir ki, Azərbaycan sənaye inkişafı istiqamətində çox düzgün yoldadır: “Çox düzgün addımlar atılır, iş yerləri, yerli istehsal yaradılır və idxaldan asılılıq azalır. Bu gün mənə göstərilən müəssisələrin fəaliyyəti məhz bu məqsədi güdür. İdxaldan asılılıq azalır, yerli istehsal yaradılır, vergilər ödəniləcək və insanlar işlə təmin olunacaqlar”.
Ümumilikdə, qeyri-neft sənayesində artımın qeydə alınmasının bir sıra üstünlükləri var. Başlıcası odur ki, bu zaman iqtisadiyyat davamlı inkişaf edir və daimi yeni iş yerləri açılır. Həmçinin, bu məhsullara olan tələbat idxal hesabına deyil, yerli istehsal hesabına təmin olunur. Nəticədə böyük həcmdə valyuta ölkədə qalır.
Bu baxımdan ekspertlər qeyri-neft sənayesində qeydə alınan artım tendensiyasını necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, qeyri-neft sənayesində qeydə alınan artım Azərbaycanın dövlət gəlirlərinə birbaşa müsbət təsir göstərir: “Eyni zamanda, bu, ölkə iqtisadiyyatının neftdən asılılığını azaldan və bunu tənzimləyən əsas faktorlardan biridir. O baxımdan bu sahədə qeydə alınan artım müsbət tendensiyadır və ölkə iqtisadiyyatı üçün çox vacib əhəmiyyət kəsb edir. Artım Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətli hadisə hesab oluna bilər. Nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunda müşahidə edilən artım Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində mühüm göstəricidir. Həmçinin, bu, nəticə etibarilə Azərbaycanda neftdən asılılığa son qoyulması ilə bağlı aparılan islahatların sürətlənməsinə gətirib çıxarır. Bu həm də növbəti dövr üçün iqtisadi artım tempinin qorunub saxlanmasından və ümumi iqtisadi artımda mərhələli şəkildə qeyri-neft sektorunun payının artmasından xəbər verir. Məsələ ondadır ki, qeyri-neft sektorunda müşahidə edilən artım Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və eləcə də neftdən asılılığın aradan qaldırılması baxımından vacibdir. Təbii ki, Azərbaycan üçün növbəti dövrdə də prioritet iqtisadiyyatın qeyri-neft sektorundakı artım hesabına inkişaf etdirilməsindən ibarətdir. Müsbət haldır ki, bu sahədə artım ilbəil daha da yüksəlir”.
Vidadi ORDAHALLI