Qadir Bayramlı: “Müasir kənd təsərrüfatı metodları tətbiq olunarsa, aqrar sektorda inkişaf daha da yüksək həcmdə olar”
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda aqrar sektor 4 faizdən çox böyüyüb. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 774,4 mln. manat təşkil edib ki, onun da 2387,6 mln. manatı heyvandarlıq, 2386,8 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, son 1 ildə aqrar sektor 4,2% böyüyüb. O cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6%, bitkiçilik məhsullarının istehsalı üzrə isə 5,8% artıb.
Son zamanlar kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər sayəsində aqrar sektor böyüyüb.
Ekspertlər bildirirlər ki, aqrar sektorun inkişafı istiqamətində görülən işlər artıq müsbət nəticəsini büruzə verir.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar aqrar sektorun əksər sahələrində inkişaf baş verir: “Əsasən pambıq, taxıl, subtropik meyvəçilik və digər sahələrdə inkişaf qeydə alınır. Onu da nəzərə almaq lazımdır ki, kənd təsərrüfatında qeydə alınan inkişaf hələ yetərli səviyyədə deyil. Əldə olunan artım ekstensiv təsərrüfat hesabına olub, məhsuldarlığın artırılması hesabına deyil. Biz müasir kənd təsərrüfatı metodlarını tətbiq etsək, aqrar sektorda inkişaf daha da artar”.
Həmsöhbətimiz hesab edir ki, kənd təsərrüfatına müasir yanaşma tərzi formalaşmalıdır. Yanaşma tərzi kənd təsərrüfatının bütün sahələrinə aid olmalıdır: “Fermerlərin kredit almasından tutmuş, onların bazarlara çıxışına qədər yeni sistem tətbiq olunmalıdır. Belə olarsa, aqrar sektorda artım daha da yüksək olar”.
Q.Bayramlı onu da vurğuladı ki, fermerlərin problemlərinin yerində araşdırılması, onlara müstəqilliyin verilməsi, həmçinin, aqrar sahə ilə məşğul olanların maarifləndirilməsi istiqamətində keçirilən tədbirlər kənd təsərrüfatının inkişafına səbəb ola bilər.
Günel CƏLİLOVA