Aydın Hüseynov: “Gələcəkdə qeyri-neft sektoruna yönəldiləcək investisiyaların həcminin artmasının şahidi olacağıq” Vüqar Bayramov: “SOCAR-ın Türkiyə iqtisadiyyatında aktiv fəaliyyəti nəticəsində Azərbaycan qeyd olunan ölkənin iqtisadiyyatına yönəldilən sərmayələrdə ilk beşliyə daxil olub”
“Türkiyə böyük iqtisadi gücə malik ölkədir. Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulması təsadüfi deyil. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir”. Bu sözləri Prezident İlham Əliyev Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib.
Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu və qoyacağı sərməyələrin həcmi təxminən 20 milyard dollara bərabərdir. Ekspertlərin fikrincə, iki ölkə arasında münasibətlər qarşılıqlı iqtisadiyyatın daha da inkişaf etməsinə səbəb olacaq.
Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına yatırılan sərmayə gələcəkdə yatırılacaq yatırımın başlanğıcıdır: “Qarşılıqlı investisiya qoyuluşu üçün çox müsbət siyasi və iqtisadi mühit formalaşıb. Azərbaycanla Türkiyə arasındakı münasibətlər siyasi nüfuzla yanaşı, gələcəkdə iqtisadi əməkdaşlığı daha da gücləndirəcək. Gələcəkdə qeyri-neft sektoruna yönəldiləcək investisiyaların həcminin artmasının şahidi olacağıq”.
İqtisadçı-ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında qeyd etdi ki, Azərbaycan və Türkiyə qarşılıqlı olaraq bir-birinə sərmayə qoyan ölkələrdir: “Tək Türkiyə Azərbaycan iqtisadiyyatına deyil, eyni zamanda, Azərbaycan da qonşu ölkənin iqtisadiyyatına sərmayə yatırır. Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına son zamanlar kifayət qədər böyük məbləğdə sərmayə qoyuluşu həyata keçirilib. SOCAR-ın Türkiyə iqtisadiyyatında aktiv fəaliyyəti nəticəsində Azərbaycan qeyd olunan ölkənin iqtisadiyyatına yönəldilən sərmayələrdə ilk beşliyə daxil olub”.
Həmsöhbətimizin sözlərinə görə, sərmayə qoyuluşu iqtisadiyyat və iqtisadi inkişaf üçün çox vacibdir: “İqtisadi inkişafın əsas həlqələrindən biri məhz sərmayə qoyuluşlarının həyata keçirilməsidir. Azərbaycan və Türkiyə qarşılıqlı sərmayə yatırılmasını həyata keçirməklə bir-birinin iqtisadi inkişafına dəstək olublar”.
İqtisadçı onu da vurğuladı ki, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına yatırılan sərmayənin artması əhəmiyyətlidir. Yeni iş yerlərinin yaradılması, sosial təminatın gücləndirilməsi baxımından vacibdir.
V.Bayramovun fikrincə, qarşılıqlı sərmayə qoyuluşu qarşılıqlı iqtisadi və dayanıqlı inklüziv inkişafa töhfə vermiş olacaq.
Günel CƏLİLOVA