Rəşad Həsənov: “Qızıl investisiya predmeti kimi sikkə formasında bazara təqdim olunarsa, o zaman Azərbaycanın qızıl bazarında aktivlik artacaq və vətəndaşlar üçün əlavə investisiya imkanları yaranacaq”
Xəbər verildiyi kimi, "AzerGold" QSC Azərbaycan istehsalı olan qızıldan və gümüşdən sikkə və külçələrin hazırlanması layihəsinə başlayıb. QSC-nin yaydığı məlumatda qeyd olunur ki, külçə və sikkələrin hazırlanması "AzerGold"un inkişaf strategiyası əsasında icra olunur.
Layihə ölkənin qızıl hasilatçısı kimi yerli və beynəlxalq bazarlarda tanıtımı, "Made in Azerbaijan" brendinin təşviqi ilə yanaşı, yerli sahibkarlıq subyektlərinə dəstəyin təmin edilməsi və daxili bazarın inkişaf etdirilməsi məqsədini daşıyır. 999.9 əyarlı külçə və sikkələrin istehsalı və "AzerGold" brendi ilə təqdim edilməsi yerli bazarda məhsul çeşidinin artırılması və əlverişli iqtisadi münasibətlərin inkişafına təkan verəcək. Nominal dəyəri olmayan qızıl və gümüş sikkələr, həmçinin, qızıl külçələr üç çəkidə olacaq: 5, 10 və 20 qram.
Məlumat üçün bildirək ki, istehsalın ilkin mərhələsində qızıl və gümüş sikkələrin "Heydər Əliyev Mərkəzi", "Qobustan" və Qarabağ xalçasının naxışı "Çələbi" olmaqla üç müxtəlif dizaynda istehsal edilməsi planlaşdırılır. Bütün məhsulların üzərində Azərbaycan qızılı/gümüşü olduğu qeyd ediləcək.
Qeyd olunduğu kimi, Azərbaycan qızılından milli brend adı altında külçə və sikkələr istehsal olunacaq. Maraqlıdır, bu sahə ölkə iqtisadiyyatına gəlir gətirən sahəyə çevrilmək üçün hansı perspektivlərə malikdir?
İqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın özünün qızıl ehtiyatları var. İstənilən halda, məhsulun dünya bazarına xammal şəklində təklif olunması yaradılan əlavə dəyərin həddini aşağı salır, prosesin gəlirliyini, ölkə iqtisadiyyatı üçün yaratdığı imkanları məhdudlaşdırır: “Bu baxımdan, "AzerGold" QSC-nin daha geniş istehsal prosesini yaratması cəhdi müsbət qiymətləndirilə bilər. Hesab edirəm ki, növbəti dövrlərdə bu istiqamətdə görülən işlər istehsal zəncirinin formalaşmasına şərait yaradacaq. Həmçinin, Azərbaycan qızılından külçə və sikkələrin istehsal olunması yeni iş yerlərinin yaradılması deməkdir”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda qızılın investisiya vasitəsinə çevrilməsi üçün müəyyən addımların atılmasına ehtiyac var. Çünki Azərbaycanda qızıl daha çox zinət əşyası kimi istifadə olunan əmtəə növüdür: “Sikkələrin istehsal olunması isə növbəti dövrlərdə qızılın alışı və satışı arasında olan ciddi fərqin azalmasına səbəb olacaq. Bu isə mərhələli şəkildə qızılı investisiya predmetinə çevirə bilər. Azərbaycan vətəndaşı risqli dövrlərdə alternativ yatırım kimi qızıldan istifadə edə bilər. Nəzərə almaq lazımdır ki, ölkəmizdə qızıl bazarı üzrə investisiya istiqaməti zəif inkişaf edib”.
İqtisadçının fikrincə, qızıl investisiya predmeti kimi sikkə formasında bazara təqdim olunarsa, o zaman Azərbaycanın qızıl bazarında aktivlik artacaq. Eyni zamanda, vətəndaşlar üçün əlavə investisiya imkanları yaranacaq.
Günel CƏLİLOVA