“Bu addım bizim qeyri-neft ixracımızın təhlükəsizliyinin təmin edilməsi və...”
Məlum olduğu kimi, ABŞ-la Rusiya arasında pisləşən münasibətlər Rusiyaya qarşı bir sıra sanksiyaların qəbul olunmasına gətirib çıxarıb. Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar isə bu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Nəticədə ölkədə inflyasiya risqləri artır, rubl dollara nisbətdə dəyər itirir.
Bundan başqa, yeni sanksiya paketi çərçivəsində ABŞ Rusiyaya istənilən krediti verməkdən də imtina edəcək. Qeyd edək ki, ABŞ Dövlət Departamenti Rusiyaya qarşı iki sanksiya paketi tətbiq etmək niyyətindədir. Onlardan biri avqust ayının ortalarında, digəri isə noyabr ayında qüvvəyə minməli idi. Artıq sanksiyaların tətbiqi fonunda Rusiya rublu yenidən ucuzlaşmağa başlayıb. Son məlumatlara əsasən, rubl dollar qarşısında 18 qəpik ucuzlaşaraq 67,28 rubla çatıb. Avro isə rubla qarşı 6 qəpik bahalaşaraq 78,01 rubl olub. İndi maraq doğuran məqam baş verənlərin postsovet ölkələrinə, onların maliyyə vəsaitlərinə təsiridir.
Rublun ucuzlaşmasının Azərbaycana təsirinə gəlincə isə, narahatlığa elə bir əsas yoxdur. Ona görə ki, Azərbaycanda xarici ticarətdə çox ciddi müsbət saldo var. Tədiyyə balansında da müsbət saldo müşahidə olunur. O baxımdan, manatın stabilliyini təmin etmək mümkündür. Burada əsas problem Azərbaycanda da mümkün və mövcud olan kapital axını ilə bağlıdır. Bunun da qarşısını almaq üçün Azərbaycan hökumətinin və Mərkəzi Bankın kifayət qədər alətləri var. Digər tərəfdən gözlənilən budur ki, Rusiyada baş verənlərə rəğmən, manat sabit mövqedə qalmaqda davam edəcək. Eyni zamanda əhalinin manata inamının artması fonunda da ölkənin maliyyə bazarlarında hansısa ciddi narahtlıqlar gözlənilmir. Üstəlik, qeyri-neft sektoru üzrə ixrac həcminin artması da proseslərə öz təsirini göstərir.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir? Yəni manatın rubla nisbətdə daha dayanıqlı mövqedə qərarlaşması hansı iqtisadi amillərin təsiri altında baş verir?
Sözügedən məsələyə aydınlıq gətirən eqtisad elmləri doktoru, professor Fikrət Yusifov bunu bir sıra amillərlə əlaqələndirdi: “Qonşu ölkələrdə, o cümlədən Rusiyada milli valyuta dəyər itirməkdədir. Bu vəziyyətin əsas səbəbi, Rusiya daxil, İran və Türkiyəyə qarşı Amerika Birləşmiş Ştatları tərəfindən sanksiyalar tətbiq edilməsidir. Son bir neçə ay ərzində qonşu ölkələrdə davam edən bu proses Azərbaycan milli valyutasının məzənnəsində hər hansı bir dəyişikliyin baş verməsinə gətirib çıxarmayıb. Ancaq ciddi iqtisadi və ticarət əlaqələrimizin olduğu qonşu ölkələrdə milli valyutalarla baş verən vəziyyət sabitləşməsə və həmin valyutalar öz əvvəlki dəyərlərini bərpa edə bilməsələr, biz də manatın məzənnəsində müəyyən yumşalmalara getmək zorunda qala bilərik. Bu addım bizim qeyri-neft ixracımızın təhlükəsizliyinin təmin edilməsi və idxalın daxili bazarda yerli məhsulların rəqabət qabiliyyətinin zəifləməməsi üçün atılmalıdır”.
Vidadi ORDAHALLI