Pərviz Heydərov: “Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin etmək, rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaqdır”
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə" təsdiq edilib.
Əsasnamədə qeyd edilir ki, komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır.
Məlumat üçün bildirək ki, komissiyanın əsas vəzifəsi biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması üçün təkliflər verməkdir.
Biznes mühitinin və sahibkarlığın inkişafı ilə bağlı xüsusi komissiyanın yaradılmasının əhəmiyyəti barədə danışan İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Ölkədə aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişaf etdirilməsi tədbirləri, sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması məqsədilə ardıcıl olaraq atılan addımlar müvafiq xarici və beynəlxalq reytinq qurumları tərəfindən yüksək dəyərləndirilir və müsbət qiymətləndirilir. Bunu ölkəmizin tutduğu mövqelərin hər dəfə bir az da yaxşılaşdırılması, başqa sözlə desəm, pillələrlə irəli çəkilməsi sübut edir. Ancaq bu elə bir məsələdir ki, ardıcıl xarakter daşımalıdır. Odur ki, görülən işlər davam etdirilməyə məhkumdur.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın da yaradılması bu məqsədə xidmət edirdi. Artıq onun Əsasnaməsi də təsdiq edilib. Əsasnamədə də komissiyanın məğzi və mahiyyəti açıq ifadə edilib. Ümumiyyətlə, sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin etmək, rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini davamlı olaraq yaxşılaşdırmaq fasiləsiz bir yanaşma və aidiyyəti işləri görməyi tələb edən prosesdir. Bunun üçün mövcud şərait daim təhlil olunmalı, ətraflı öyrənilməli və təkliflər verilməlidir. Bütün bunlar da komissiyanın vəzifələri sırasında açıq və aydın təsbit edilib. Hesab edirəm ki, sözügedən fəaliyyət biznes mühitinin getdikcə daha düzgün istiqamətdə və keyfiyyətli tərzdə yaxşılaşması, eyni zamanda, beynəlxalq reytinqlər üzrə ölkəmizin tutduğu pillələrin irəliyə doğru dəyişməsilə nəticələnəcək”.
Günel CƏLİLOVA