Fikrət Yusifov: “Ölkədə aparılan islahatların gedişatı göstərir ki...”
2021-ci ildə Azərbaycanda inflyasiya 3,1 faizə düşəcək. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir. Qeyd olunur ki, bu il Azərbaycanda ümumdaxili məhsul (ÜDM) istehsalının həcmi 74 milyard 646,9 milyon manat, 2019-cu ildə 75 milyard 389,2 milyon manat, 2020-ci ildə 81 milyard 245 milyon manat, 2021-ci ildə isə 84 milyard 973,1 milyon manat olacaq.
Sənəddə o da bildirilir ki, cari ildə real iqtisadi artım tempinin 2 faiz, gələn il 3,1 faiz, 2020-ci ildə 3,5 faiz, 2021-ci ildə isə 2,4 faiz təşkil edəcəyi nəzərdə tutulur.
Bundan başqa, proqnoza görə, orta illik inflyasiya bu il 6,1 faiz, qarşıdakı ildə 4,7 faiz, 2021-ci ildə isə 3,1 faiz təşkil edəcək.
2021-ci ilə qədər Azərbaycanda inflyasiyanın 3,1 faizə düşməsi barədə fikir bildirən iqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, iqtisadiyyatın real sektorunun inkişafı ilə bağlı müəyyən edilmiş xüsusi proqramlar var. O proqramların reallaşdırılması əsasında Azərbaycanda inflyasiyanın 3,1 faizə düşməsi proqnoz edilir: “Ölkədə aparılan islahatların gedişatı göstərir ki, qeyd olunan proqnoz reallaşması realdır. Qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər artıq öz müsbət nəticəsini büruzə verir. Bunu iqtisadiyyatın bəzi sahələrində müşahidə etmək mümkündür.
Bu səbəbdən dolayı, Prezident qeyri-neft sektorunun inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlər əsasında, ölkə iqtisadiyyatının gələcəyi baxımından əhəmiyyətli olan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” haqqında sərəncamı imzalayıb”.
Həmsöhbətimiz hesab edir ki, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan işlər sayəsində qarşıdakı illərdə ölkədə inflyasiya səviyyəsi daha da aşağı düşəcək. Bu gedişatla ölkə iqtisadiyyatı növbəti illərdə daha da inkişaf edəcək.
Günel CƏLİLOVA