Aydın Hüseynov: “Ölkəmiz həm sənaye, həm də kənd təsərrüfatı məhsullarını sərgidə nümayiş etdirəcək”
Azərbaycan Çində logistika, turizm və investisiya potensialını təqdim edəcək. Bu barədə mətbuata açıqlamasında Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirib.
Onun sözlərinə görə, təqdimat noyabr ayında Şanxay şəhərində keçiriləcək Beynəlxalq İdxal Sərgisi çərçivəsində baş tutacaq. Sərgidə, həmçinin, "Made in Azerbaijan" brendi altında məhsullar təqdim ediləcək: "2018-ci il Çində "İdxal ili" elan olunub, bu isə o deməkdir ki, ölkə bütün dünyadan malların idxalı üçün öz qapılarını geniş açır. Ona görə də hazırda bizim vəzifəmiz Çinin ən böyük şəhərlərindən birində bu payız keçiriləcək ilk Çin Beynəlxalq İdxal Sərgisinə mükəmməl hazırlaşmaqdan ibarətdir. Fikrimcə, bu yalnız Çində deyil, bütün dünyada mühüm hadisələrdən biridir. Azərbaycan da bu sərgidə öz məhsullarını təqdim edəcək. Özü də biz yalnız mallarımızın keyfiyyətini deyil, həm də ölkəmizin logistika, turizm və investisiya potensialını nümayiş etdirəcəyik".
Ticarət nümayəndəsi qeyd edib ki, bu hadisə ilə Şanxayda Azərbaycan Şərab Evinin açılması eyni vaxta düşür: "Sərgiyə müqavilələrin bağlanması və malların alışı üçün Çindən və digər ölkələrdən 150 min alıcının toplanacağına görə belə bir qərar qəbul edilib. Növbəti 5 il ərzində Çin 10 trilyon dollardan çox məbləğdə mal idxal etməyi planlaşdırır”.
T.Nadiroğlu onu da vurğulayıb ki, bu gün Çində müxtəlif elektron platformalar işləyir və inkişaf edir. Azərbaycan istehsalçıları bu platformalar vasitəsilə öz məhsullarını birbaşa pərakəndə şəkildə çinli istehlakçılara sata bilərlər. 2017-ci ildə çinlilər internet vasitəsilə müxtəlif malların alışına trilyon dollardan çox pul xərcləyiblər.
Gömrük Komitəsinin məlumatına əsasən, Çinlə əmtəə dövriyyəsi ötən il təqribən 1,3 milyard dollar təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 33 faiz çoxdur.
Çin dünyada kifayət qədər böyük iqtisadiyyata malik olan ölkə olmaqla yanaşı, həm də böyük bazardır. Bu o deməkdir ki, Çinə böyük həcmdə məhsul ixrac etmək olar. Bu baxımdan Azərbaycan əsasən hansı məhsullarını adıçəkilən ölkəyə ixrac edə bilər? Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, Çin həm iqtisadi gücünə görə, həm də alıcılıq baxımından böyük bir bazardır: “Ona görə də mümkün olan qədər və maksimum dərəcədə bu bazarın imkanlarından istifadə etmək lazımdır. Azərbaycan bir sıra kənd təsərrüfatı məhsullarını Çinə ixrac edə bilər. Xüsusən də ölkədə istehsal olunan şərab məhsullarının Çin bazarına ixrac edilməsi ilə bağlı bir sıra imkanlar var. Məsələ ondadır ki, bu kimi məhsullarla ilkin olaraq onları biz maraqlandıra bilərik və bazarın diqqətini cəlb etmək mümkündür. Hesab edirəm ki, Azərbaycan Çin bazarına əsasən kənd təsərrüfatı və şərab məhsulları ixrac edə bilər. Reallıq ondan ibarətdir ki, Azərbaycanla Çin arasında iqtisadi əlaqələr daha da genişlənir. Çin investorları Azərbaycana böyük maraq göstərirlər. Ələtdə Azad Ticarət Zonasının salınmasında, texnoparkların tikintisində Çin şirkətləri fəal iştirak edirlər. İşbirliyimizin səmərəli olması, etibarlı iqtisadi tərəfdaş olmağımız baxımından Çin investorları fəallıq göstərirlər. Hesab edirəm ki, payızda Şanxayda keçiriləcək Beynəlxalq İdxal Sərgisində Azərbaycan iştirak edəcək. Özünün həm sənaye, həm də kənd təsərrüfatı məhsullarını sərgidə nümayiş etdirəcək. Fikrimcə, Azərbaycanın təqdim etdiyi ixrac məhsulları Çin bazarını və alıcılarını cəlb edəcək”.
Vidadi ORDAHALLI