Əkrəm Həsənov: “Qonşu ölkələrdə yaşanan devalvasiyalar, istər-istəməz, insanların psixologiyasına təsir göstərir, bu səbəbdən xarici valyuta ilə yerləşdirilən əmanətlərin həcmi artır”
Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci il iyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8109,3 milyon manat təşkil edib. Əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,2 faiz azalıb.
Buna baxmayaraq, xarici valyuta ilə yerləşdirilən əmanətlər hələ də üstünlük təşkil edir. Bu nisbəti aradan qaldırmaq üçün nə etmək lazımdır?
Maraqlıdır, milli valyuta ilə yerləşdirilən əmanətlərin həcmi nə zaman artacaq?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yaxın illər ərzində də xarici valyuta ilə yerləşdirilən əmanətlər çoxluq təşkil edəcək. Bunun bir neçə səbəbi var: “Bəllidir ki, artıq milli valyutamız sabitdir. Ancaq uzunmüddətli perspektivdə insanlar yerli valyutaya etibar etmir. Onu da nəzərə almaq lazımdır ki, qonşu ölkələrdə yaşanan devalvasiyalar, istər-istəməz, insanların psixologiyasına təsir göstərir. Məlumdur ki, Türkiyə, Rusiya və İranda milli valyutalar üçün risqli mühit formalaşıb. Həmin ölkələrdə xarici valyutanın məzənnəsi yerli valyutaya nisbətən üstünlük təşkil edir. Bu hal, istər-istəməz, devalvasiya olmayan ölkələrdə əhalini təlaşlandırır. Bu səbəbdən əlində vəsaiti olan insanlar xarici valyutaya daha çox üstünlük verirlər.
Ə.Həsənovun sözlərinə görə, 15 il öncə Azərbaycanın bank sekrorunda inkişaf başlamışdı. O zamanlar bank sektoruna etimad var idi: “Təəssüf ki, çətinliklə qazanılan etimadı bank sistemi qısa zamanda əldən verdi. Yenidən etimadı qazanmaq isə uzun müddət tələb edəcək”.
Həmsöhbətimiz onu da vurğuladı ki, milli valyutanın sabitliyi uzun müddər davam edərsə, o zaman xarici valyuta ilə yerləşdirilən əmanətlər öz yerini manata təhvil verər.
Günel CƏLİLOVA