Pərviz Heydərov: “Xəzər dənizi üzrə qarşılıqlı iqtisadi əməkdaşlığın nəticəsində nəinki Azərbaycan, eyni zamanda, bütün ətraf sahilyanı ölkələr bundan mənfəət əldə edəcək”
Xəbər verildiyi kimi, Türkmənistan Xəzər iqtisadi forumuna hazırlıq işlərinə başlayıb. Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov 2019-cu ildə Xəzər iqtisadi forumunun keçirilməsi üçün hazırlıq işlərinə başlamaq tapşırığı verib.
Dövlət başçısı, həmçinin, Xəzərdə təhlükəsizliyin təmini üzrə fəaliyyəti aktivləşdirməyi, o cümlədən dənizdə axtarış-xilasetmə işləri haqqında beştərəfli sazişin hazırlanmasında fəal iştirak etməyi tapşırıb.
B.Berdıməhəmmədov bildirib ki, Xəzər dənizində elmi tədqiqatların aparılması haqqında beştərəfli sazişin hazırlanmasında da iştirak etməliyik.
Xatırladaq ki, bundan əvvəl Türkmənistan daimi fəaliyyət göstərən Xəzər iqtisadi forumunun – region ölkələrinin hökumət və işgüzar dairələrinin nümayəndələri üçün xüsusi danışıqlar meydanının yaradılması təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, cari ilin payızında Türkmənistanda Xəzər dənizinin hidrometeorologiya üzrə əlaqələndirmə komitəsinin sessiyası keçiriləcək.
Türkmənistanda Xəzər iqtisadi forumunun keçirilməsinin Azərbaycana hansı faydalarının olacağını öyrənmək məqsədilə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması Xəzərdə iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan tərəfi hər zaman Xəzərin ümumi şəkildə iqtisadi əməkdaşlıq məkanına çevrilməsinin vacibliyini qeyd edib: “Bundan başqa, ölkəmizin Xəzərin Azərbaycana aid olan hissəsində gördüyü işlər hər kəsə bəllidir. Ələtdə tikilən dəniz limanı Xəzərdə ən böyük liman olacaq. Bu limanın olması ətraf ölkələrə ismarıcdır. Ətraf ölkələrin qeyd olunan limanın imkanlarından istifadə etməsi üçün hər bir şərait yaradılır və yaradılacaq. Bu mənada Xəzər iqtisadi forumunun keçirilməsi Azərbaycanın ortaya qoyduğu prinsiplərin reallaşması üçün şans olacaq. Təbii ki, Xəzər dənizi üzrə qarşılıqlı iqtisadi əməkdaşlığın nəticəsində nəinki Azərbaycan, eyni zamanda, bütün ətraf sahilyanı ölkələr bundan mənfəət əldə edəcək. Bu səbəbdən də Xəzər iqtisadi forumunun keçirilməsi və onun reallaşması olduqca müsbət haldır”.
Günel CƏLİLOVA