Fikrət Yusifov: “Bütün bu amillər iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini və ticarət dövriyyəsini əsaslı şəkildə artırmağı şərtləndirir”
Rusiya və Azərbaycan yaxın zamanlarda iri sənədlər zərfi imzalamağı planlaşdırır. Bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
Rusiyanın ölkəmizdəki səfiri hazırda Rusiya-Azərbaycan münasibətlərində ticari-iqtisadi sahədə irəliyə sıçrayışın edilməsinin vaxtının gəlib çatdığını bildirib. M.Boçarnikov əmtəə dövriyyəsinin artırılmasını, nəqliyyat, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini, Azərbaycanda birgə müəssisələrin yaradılacağını vacib sayıb. O bildirib ki, zərfə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementləri daxil olacaq: “Bu sənədlər zərfi iqtisadi əməkdaşlığa əsas yanaşmanı müəyyən edəcək. Biz qarşımıza ticarət dövriyyəsini artırmağı hədəf qoymuşuq. 2017-ci ildə dövriyyə 2,6 milyard dollar təşkil edib. Gələcəkdə bu göstəricinin artacağına ümid edirik”.
M.Boçarnikovun sözlərinə görə, tərəflər sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafını davam etdirmək niyyətindədir: “Tezliklə biz Rusiyanın iştirakı ilə birgə müəssisələrin yaradılmasını görəcəyik. Bu müəssisələr gələcəkdə daha da yaxınlaşmağımıza şərait yaradacaq”.
Diplomat əlavə edib ki, son zamalar iki ölkənin biznes şuralarının işi fəallaşıb: “Bizim tərəfimizdən Şura 70-dən çox şirkətlə təmsil olunur. Dövlət inkişaf istiqamətlərini planlaşdırarkən biznes maraqları nəzərə alınmalıdır. İlin sonunadək iqtisadi əməkdaşlığa yeni təkan veriləcək”.
Maraqlıdır, bəs ekspertlər hansı sahələrdə iki ölkə arasında əlaqələrin genişlənəcəyini gözləyirlər? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, Rusiyanın yeni səfirinin verdiyi məlumata əsasən, 2017-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,7 milyard dollar səviyyəsində olub: “Bizim rəsmi mənbələrdə hələlik ölkələr üzrə 2017-ci ildə xarici ticarət dövriyyəsinə dair məlumatlar olmasa da, səfirin səsləndirdiyi rəqəmləri əsas qəbul edib onu deyə bilərik ki, bu göstərici bizim 2017-ci ildəki xarici ticarət dövriyyəmizin 11,1 faizini təşkil edir. Bu isə kifayət qədər yüksək göstəricidir. Ümumiyyətlə, Rusiya bazarı bizim qeyri-neft məhsullarımızın – xüsusilə də aqrar sektorda istehsal etdiyimiz meyvə-tərəvəzin ənənəvi bazarıdır. Bu bazarda Azərbaycan məhsulları keyfiyyət göstəricilərinə görə başqa ölkələrdən gətirilən məhsullardan daha çox üstünlüyə malikdir. Rusiya bazarının bizim məhsullara olan tələbatı indi bu bazara etdiyimiz ixracın həcmindən on dəfələrlə böyükdür. Bu isə o deməkdir ki, biz real sektorda və ilk növbədə onun aparıcı istiqaməti olan aqrar sektorda məhsul istehsalını dəfələrlə artırsaq belə, bu məhsulların ixracı ilə bağlı heç bir problem olmayacaq. Çünki həmin məhsulların Rusiya kimi daimi bazarı həmişə mövcuddur. Rusiyadan idxalımız da kifayət qədərdir. Bu isə ilk növbədə orada istehsal olunan malların və məhsulların əksər hallarda digər ölkələrdə istehsal olunan eyni məhsullara nisbətən daha keyfiyyətli olması ilə bağlıdır. Bütün bu amillər iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini və ticarət dövriyyəsini əsaslı şəkildə artırmağı şərtləndirir. Cənab səfirin iki ölkə arasında yaxın zamanlarda yeni müqavilələrin imzalanacağına dair səsləndirdiyi fikirlər qarşılıqlı əlaqələrin yeni mərhələsinə keçidə işarədir. Biz Ermənistan kimi Rusiyaya yük deyilik, əksinə, münasibətlərimizdə bütün məqamlar qarşılıqlı faydalılığa söykənir. Rusiyanın Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək istəyi indiki dönəmdə daha müsbət qarşılanmalıdır. Rusiya siyasi dairələri bir daha gördülər ki, Ermənistanda hakimiyyətin başında kimin oturmasından asılı olmayaraq, erməni xisləti öz murdar ambisiyalarını hər vaxt ortaya qoyur və qoyacaq. Nəhayət ki, Rusiya Cənubi Qafqazda onun səmimi tərəfdaşının kim olduğunu anlamalıdır. Hesab edirəm ki, artıq bu proses başlayıb”.
Vidadi ORDAHALLI