Vüqar Bayramov: “Alternativ enerji mənbələrinin sahibkarlar tərəfindən istifadəsinin təşviq olunmasına ehtiyac var, eyni zamanda, qeyd olunan sektor dövlət tərəfindən subsidiyalaşdırılmalıdır”
Dünyanın əksər inkişaf etmiş ölkələrində günəş və külək enerjisi, kiçik SES-lər, termal sular və biokütlə enerjisi kimi bərpa olunan mənbələrdən geniş istifadə edilir. Azərbaycanda da alternativ enerjidən istifadə olunur.
Açıqlanan statistik rəqəmlərə əsaən, bu ilin yanvar-iyul aylarında ölkədəki külək elektrik stansiyalarında (KES) 14,1 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Beləliklə, elektrik enerjisi istehsalı ötən dövrlə müqayisədə artıb.
Külək enerjisi istehsalını artırmaq üçün nə kimi işlərin görülməsi vacibdir? Məsələ ilə əlaqədar iqtisadçı- ekspert Vüqar Bayramova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, alternativ enerji mənbələrinin olması olduqca vacibdir: “Alternativ enerji mənbələri enerjidən asılılığı aradan qaldırmaqla yanaşı, eyni zamanda, ekoloji baxımdan daha təmiz enerjinin əldə olunmasına imkan yaradır. Bu səbəbdən də alternativ enerjidən daha çox istifadə olunması hazırkı şəraitdə prioritet məsələlərdən biridir”.
Həmsöhbətimiz təklif edir ki, külək enerjisi istehsalının artırılmasına ehtiyac var. Onun sözlərinə görə, alternativ enerji mənbələrindən istifadə edilməsi və bu sahədə istehsalın artırılması üçün sahibkarlar buna cəlb olunmalıdır. Elə etmək lazımdır ki, sahibkarların özləri alternativ enerji istehsalında maraqlı olsunlar: “Alternativ enerji mənbələrinin sahibkarlar tərəfindən istifadəsinin təşviq olunmasına ehtiyac var. Bu səbəbdən də qeyd olunan sektor dövlət tərəfindən subsidiyalaşdırılmalıdır. Eyni zamanda, bu sahədə vergi güzəştləri tətbiq olunmalıdır ki, sahibkarlar alternative enerji istehsalında maraqlı olsunlar. Nəzərə almaq lazımdır ki, sahibkarların təşviq olunması və onların prosesə cəlb olunması olduqca mühümdür. Sahibkarlar bu sektora cəlb olunarsa, külək enerjisinin, ümumiyyətlə, alternativ enerjinin ümumi istehsal payının artması faktı qeydə alınar”.
Günel CƏLİLOVA