İlqar Hüseynli: “Bu zaman Azərbaycanın qazancı daha çox olacaq”
Çin tərəfi üçüncü ölkələrdə Azərbaycanla birgə müəssisələrin yaradılması imkanlarını dəstəkləyir. Xəbər verildiyi kimi, bunu Çinin Azərbaycandakı səfiri Vey Tszinhua mətbuata açıqlamasında deyib.
Səfirin sözlərinə görə, 2015-ci ildə Çin hökuməti “üçüncü ölkə bazarlarında beynəlxalq əməkdaşlıq” modelini işə salıb: “Bu model Çinin istehsalat gücünü, inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyalarını və inkişaf etməkdə olan ölkələrin tələbatını səmərəli şəkildə əlaqələndirir. Son iki il ərzində bu əməkdaşlıq modeli beynəlxalq arenada müsbət rəy alıb”.
V.Tszinhua açıqlamasında onu da bildirib ki, Çinlə Azərbaycan arasında qarşılıqlı səmərəli əməkdaşlıq var və bu əməkdaşlıq böyük potensiala malikdir: “Dünya iqtisadiyyatında artım tempinin azalmasına baxmayaraq, ölkələrimiz arasında ticarətin həcmi ötən il rekord səviyyəyə çatdı. İlin birinci yarısında Çin Azərbaycanın yeddi əsas ticarət tərəfdaşından biri oldu. Ölkələrimiz arasında əməkdaşlıq əsasən nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, tikinti materialları istehsalı, maşınqayırma, yüngül sənaye kimi sahələrdə genişlənir”.
Səfir xatırladıb ki, hazırda 20-dən çox Çin müəssisəsi Azərbaycanda neft-qaz, tikinti, aviasiya, logistika və digər sahələrdə sahibkarlıq fəaliyyəti həyata keçirir.
Görünən odur ki, Çinlə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələri get-gedə daha da genişlənir. Eyni zamanda, Çin Azərbaycanın regionda artan iqtisadi gücünün fərqindədir. Ən başlıcası isə tranzit ölkə olaraq Azərbaycanın rolu sürətlə artır. Bütün bunlarla yanaşı, üçüncü ölkələrdə Azərbaycanla Çinin birgə müəssisələr yaratması perspektivinə ekspertlər necə yanaşırlar?
Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynli buna bir neçə kontekstdən yanaşdı: “Əvvəla Çinin istehsalı olan istehlak mallarına tələbat böyükdür. Bir sıra ölkələr Çindən idxal etdikləri məhsulları Azərbaycan vasitəsilə alırlar. Bu məsələdə Azərbaycan tranzit ölkə olaraq uduş imkanlarına malikdir. Rusiyanın Şimali Qafqaz ərazisi və o cümlədən Dağıstanın Çin məhsullarına çıxışını Azərbaycan təmin edir. Şimali Qafqazda yerləşən Pyatiqorsk şəhərində çox böyük bir bazar var. O bazarın məhsullarının yüzdə doxsanı Azərbaycandan ora daşınır. Çin məhsullarının istehlak bazarı geniş olduğuna görə üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması bu işə fayda verə bilər. Burada kommunikasiya, nəqliyyat məsələləri çox önəmli əhəmiyyətə malikdir. O baxımdan Çinin Azərbaycanla üçüncü ölkələrdə birgə müəssisələr yaratması bizim də maraqlarımıza cavab verir. Məsələ ondadır ki, Çindən hansısa məhsul idxal olunarkən gömrük rüsumu alınır, daşınma xərclərinə müəyyən vəsait sərf olunur. Ancaq birgə müəssisələr olandan sonra həmin məhsullar üçüncü ölkələrdə istehsal olunacaq. Bu zaman Azərbaycanın qazancı daha çox olacaq. Ona görə də, prinsipcə, bu təklifi əlverişli hesab edirəm. Düşünürəm ki, bu imkanları dəyərləndirmək lazımdır”.
Vidadi ORDAHALLI