“Rusiyanın cənub bölgəsinin bazarında “Xəzər” avtomobil zavodunun istehsal etdiyi maşınlar öz yerini tuta bilər”
Məlum olduğu kimi, Azərbaycan və İran "Xəzər" birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin tezliklə Rusiya, Ukrayna və MDB ölkələrinə ixracına başlayacaq. Bu barədə media nümayəndələrinə IKCO (Iran Khodro Co.) şirkətinin Asiya, Avropa, Amerika və MDB üzrə direktoru Sabina Nobari deyib. S.Nobari bildirib ki, "Iran Khodro" və Azərbaycanın "AzEuroCar LLC" avtomobil şirkəti 2018-ci ilin martından Azərbaycanda 300-dən çox "Dena" ailə sedanı istehsal edib. Hazırda bu zavodda istehsal olunan avtomobillər yalnız Azərbaycanda satılır.
Qeyd edək ki, "Xəzər" avtomobil zavodu Neftçala Sənaye Məhəlləsində yerləşir. Bundan əvvəl zavodda "Dena", "Runna", "Soren" və "Samand" modellərinin də istehsal olunacağı deyilirdi.
Maraqlıdır, “Xəzər” avtomobil zavodunun istehsal etdiyi maşınlar Rusiya üçün uğurlu bazar ola bilərmi?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Xəzər” avtomobil zavodunun istehsal etdiyi avtomobillər Rusiyanın istehsal etdiyi minik vasitələrindən geri qalmaz. Bu səbəbdən də Azərbaycan və İranın birgə istehsal etdiyi avtomobillər Rusiya bazarında özünə yer tapa biləcək: “Hesab edirəm ki, Rusiyanın şimal bölgəsində deyil, cənub ərazisində “Xəzər” avtomobil zavodunun istehsal etdiyi maşınlar müəyyən paya malik ola bilər. Məlumdur ki, Rusiyanın şimal hissəsində xüsusi avtomobillər sürülür. O bölgənin iqliminə yalnız Rusiyanın özünün istehsal etdiyi avtomobillər uyğunlaşa bilir. Ancaq cənubunda isə bizim maşınlar sərbəst şəkildə hərəkət edə bilər. Bu səbəbdən düşünürəm ki, Rusiyanın cənub bölgəsinin bazarında “Xəzər” avtomobil zavodunun istehsal etdiyi maşınlar öz yerini tuta bilər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan və İranın birgə istehsal etdiyi avtomobillərin ixracı ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.
Günel CƏLİLOVA