Vahid Əhmədov: “Hər hansı bir dövlətə investisiya qoymaq istəyiriksə, mütləq o ölkənin ictimai-siyasi vəziyyətini, stabilliyini, hansı sahənin gəlir gətirəcəyini araşdırmaq lazımdır”
Məlum olduğu kimi, Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-11-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı Tacikistan və Azərbaycan arasında ticarət, iqtisadiyyat, bank, vergi, mədəniyyət və investisiya sahələrində 30-dan çox əməkdaşlıq sazişi imzalanıb.
Tacikistan Prezidenti E.Rəhmonla görüşən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkə arasında olan münasibətlərdən danışıb: “Səfər ölkələrimizin əməkdaşlığı dərinləşdirməyə meylli olduğunu göstərir, ticari- iqtisadi sahədə perspektivlər açır. Biz, həmçinin, sərmayələrlə bağlı məsələyə toxunduq və yaxın vaxtlarda Tacikistana sərmayə məsələlərinin öyrənilməsi üzrə konkret missiya göndəriləcək. Həmçinin, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Belə demək olarsa, diqqətimizdən kənarda qalan çox az sahələr oldu. Bütün bunlar dövlətlərimizin qarşılıqlı fəaliyyəti möhkəmləndirməkdə çox güclü siyasi iradəsinin olduğunu göstərir”.
Yaxın vaxtlarda Tacikistana sərmayə məsələlərinin öyrənilməsi üzrə konkret missiya göndəriləcək, işçi qrupu yaradılacaq.
Millət vəkili Vahid Əhmədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu günə kimi Azərbaycanla Tacikistan arasında geniş iqtisadi əlaqələr olmayıb: “Orta Asiya dövlətlərindən Qazaxıstan, Türkmənistan və Özbəkistanla ticari əlaqələrimiz güclü olub. Artıq Tacikistan tərəfi Azərbaycanla ticari əməkdaşlıq etmək istəyir. Əlaqələrin genişləndirilməsi üçün Tacikistanın Prezidenti E.Rəhmon Azərbaycana səfər etdi. İqtisadi əməkdaşlıq üçün İşçi Qrupu yaradılacaq. Prezident İlham Əliyev tərəfindən yaradılacaq İşçi Qrupuna bir sıra qurumlar nəzarət edəcək. İqtisadi İnkişaf Nazirliyi Tacikistanın hansı sahəsinə investisiya yatırılmasının vacibliyi barədə araşdırma aparacaq. Ölkələrin maraq dairəsi səviyyəsində bu məsələ öz həllini tapacaq.
Tacikistanla bizim geniş iqtisadi əlaqəmiz olmayıb. Qeyd olunan ölkənin ticarət dövriyyəsi bizdən qat-qat aşağıdır. Bu səbəbdən də Tacikistana sərmayə yatırmazdan öncə araşdırma aparmağa ciddi ehtiyac var. Hər hansı bir dövlətə investisiya qoymaq istəyiriksə, mütləq o ölkənin ictimai-siyasi vəziyyətini, stabilliyini, hansı sahənin gəlir gətirəcəyini araşdırmaq lazımdır. Daha sonra həmin sahəyə investisiya qoyular və o sektorda işlər həyata keçirilər”. Günel CƏLİLOVA