“Sentyabr ayından etibarən bazar münasibətlərində aktivləşmə baş verəcək və o zaman dollara olan təlabat artacaq”
Son günlər Azərbaycanda dollara təlabatın azalması müşahidə olunur. Mərkəzi Bankın (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi son valyuta hərracında manatın dollara nisbətdə məzənnəsi 1,7 AZN/USD təşkil edib. Bank dairələrindəki mənbələrin yaydığı məlumatda qeyd olunur ki, hərracda 70 milyon dollarlıq təklifə qarşı tələb 41,2 milyon dollar təşkil edib.
Mənbə bildirib ki, əvvəlki hərracda da tələb (57,2 milyon dollar) təklifdən (70 milyon dollar) az olmuşdu.
Beləliklə, bir həftə ərzində 140 milyon dollar təklifə qarşı tələb 98,4 milyon dollar təşkil edib.
Ekspertlər son günlər dollara tələbin azalmasının gözlənilən olduğunu bildirir.
Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilən hərracda dollara tələbatın kəskin azalması barədə fikir bildirən iqtisadçı ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Hazırkı şəraitdə dollara tələbatın azalması gözləniləndir. Çünki hazırda ticarət, iri həcmli idxal prosesi, eyni zamanda, təhsil və digər sahələrdə durğunluq var. Bu səbəbdən də dollara təlabat azalıb. Ancaq sentyabr ayından etibarən bu sahədə aktivləşmə yaşanacaq. Və tələbat bazar münasibətlərinə uyğun olaraq öz yerini tapacaq”.
Günel CƏLİLOVA