"İki ölkə arasında ticarət əlaqələrinin 2011-ci ildəki səviyyəyə yüksəldilməsi praktiki cəhətdən mümkündür"
Azərbaycan və Ukrayna yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdıra bilər.
Bu barədə media nümayəndələrinə Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 2017-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 2,7 dəfə artaraq 772,1 milyon dollar təşkil edib. 2018-ci ilin ilk 5 ayı ərzində isə 43 faiz artaraq 356,72 milyon dollara bərabər olub: "Bu cür artım tempini nəzərə alaraq hesab etmək olar ki, yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsi bir milyard dolları ötə bilər".
Hər iki ölkə arasında yaxın müddət ərzində ticarət dövriyyəsinin 1 milyard dolları ötə biləcəyi haqqında fikir bildirən professor, iqtisadçı ekspert Fikrət Yusifov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Dövlət Statistika Komitəsinin rəsmi saytında Azərbaycanın xarici ticarət əlaqələrini əks etdirən məlumatlar yalnız 2016-cı ili əhatə edir: "Bu səbəbdən də biz yalnız həmin rəsmi rəqəmlər ətrafında məsələyə münasibət bildirə bilərik. 2016-cı ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 334,2 milyon ABŞ dolları səviyyəsində olub, ki, bunun da 289,8 milyon manatını Ukraynadan idxal etdiyimiz məhsullar, 44,4 milyon dollarını isə bizim Ukraynaya ixrac etdiyimiz məhsullar təşkil edib. İki ölkə arasında ticarət əlaqələrinin pik həddi 2011-ci ildə qeydə alınıb. Məlumat üçün bildirim ki, həmin il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 1 milyard 467 milyon dollar təşkil edib. Bu dövriyyənin 557,8 milyon dolları idxalın, 909,3 milyon dolları isə ixracın payına düşüb. Ukraynadan bizə idxal olunan məhsullar içərisində əsas yeri ərzaq məhsulları tutur. 2011-ci ildə bizim ixracımızın əsas hissəsi isə, heç şübhəsiz, neft və neft məhsullarından ibarət olub. Görünən budur ki, iki ölkə arasında ticarət əlaqələrinin 2011-ci ildəki səviyyəyə yüksəldilməsi praktiki cəhətdən mümkündür. Bunun üçün, sadəcə, hər iki tərəfin istəyinin olması yetərlidir".
Günel CƏLİLOVA