Qadir Bayramlı: “Fermerlərin təşkilatlanması baxımından da aqrar təsərrüfat mərkəzlərinin yaradılması əhəmiyyətlidir”
Xəbər verildiyi kimi, Azərbaycanda dövlət aqrar inkişaf mərkəzləri yaradılacaq. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli, 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Fərmanda əksini tapıb.
Fərmanda qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid idarəçiliyinin təmin edilməsi və koordinasiyasının səmərəli təşkili, aqrar sahədə xidmətyönlü fəaliyyətin qurulması, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin istiqamətləndirilməsi məqsədilə nazirliyin rayon və şəhər idarələri əsasında dövlət aqrar inkişaf mərkəzləri yaradılacaq. Kənd Təsərrüfatı Nazirliyinə dövlət aqrar inkişaf mərkəzlərinin əsasnaməsini təsdiq etmək, onların fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı müvafiq sistemin qurulmasını təmin etmək tapşırılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, aqrar inkişaf mərkəzlərinin Azərbaycanda yaradılması aqrar sahəyə müsbət təsir göstərəcək: “Çünki Azərbaycan kənd təsərrüfatının özünə yanaşma dəyişilməli idi. Aqrar təsərrüfatın intensiv təsərrüfata keçilməsi üçün bu, bir növ, yardımçı rolunu oynayacaq. Əksər hallarda təsərrüfatlar ekstensiv metodlarla işləyirlər. Bu səbəbdən də məhsuldarlıq aşağı olur. Zənnimcə, aqrar təsərrüfat mərkəzlərinin yaradılması intensiv təsərrüfata keçməyə köməklik göstərəcək. Həmçinin, fermerlərin təşkilatlanması baxımından da aqrar təsərrüfat mərkəzlərinin yaradılması əhəmiyyətlidir”.
Həmsöhbətimiz onu da bildirdi ki, fermerlərin ən ciddi problemlərindən biri onların fikirlərinin öyrənilməməsi, maaarifləndirilməsi istiqamətində aparılan işlərin zəif olması ilə bağlıdır: “Hesab edirəm ki, aqrar inkişaf mərkəzlərinin yaradılması bölgələrdə kənd təsərrüfatının inkişafına töhfə verəcək. Həmçinin, yaradılacaq mərkəzin fermerlərin məhsulunun bazara çıxarılmasında, satılmasına xüsusi rolu olacaq. Eyni zamanda, fermerlərin onlar üçün lazım olan mütəxəssislərlə təmin olunmasına da öz töhfəsini verər”.
Günel CƏLİLOVA