Pərviz Heydərov: “Bu ilin sonuna kimi birrəqəmli inflyasiya proqnozlaşdırılır”
“Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı qərarının inflyasiyaya təsiri minimal olacaq”. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib. Mərkəzi Bankın sədri qeyd edib ki, Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya bir qədər yüksəldici təsiri var:
“Düşünmürük ki, bu qərar bütövlükdə inflyasiyanı hədəf dəhlizindən (6-8 faiz) kənarlaşdıra bilər. Hesab edirik ki, təsiri çox minimal olacaq. İnflyasiyanın əsas amili məzənnə sabitliyidir. Biz məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olduq. Eyni zamanda, pul kütləsinin optimal formalaşmasına nail olmuşuq. Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb”.
Ekspertlərin fikrincə, Tarif Şurasının nəqliyyatda qiymət dəyişikliyi ilə bağlı qərarı inflyasiyaya səbəb olmayacaq.
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, nəqliyyat sektorunda yaşanan qiymət dəyişikliyi elə də böyük artım deyil: “Nəqliyyat sektorunun dövlət tərəfindən çəkilən müvafiq xərclərinin kompensasiyası baxımından cüzi xarakter daşıyır. Ancaq bununla yanaşı, Tarif Şurası məlum qərarı qəbul edərkən bir çox amilləri, o cümlədən, inflyasiyaya ciddi təzyiq yaranmaması baxımından çox kiçik artıma gedib. İstehlak bazarında qiymətlərə ciddi təsir göstərərək inflyasiyanı yüksəltməsi risqi yoxdur”.
Həmsöhbətimiz onu da bildirdi ki, 2018-ci ilin ikinci yarısında inflyasiya səviyyəsi olduqca aşağı xarakter daşıyır: “Hökumət bu il üçün inflyasiyanın 6 faizdən yuxarı olacağını proqnoz etmişdi. Bu ilin sonuna kimi birrəqəmli inflyasiya proqnozlaşdırılır. Hazırkı inflyasiya səviyyəsi nəzərdə tutulandan da aşağı rəqəmdir. Nəqliyyat sektorunda qiymət dəyişikliyinin mövcud rəqəmə ciddi şəkildə təsir göstərəcəyi real görünmür. Nəqliyyat sektorunda qiymət dəyişikliyinin inflyasiyanı yüksəldəcəyi gözlənilmir”.
Günel CƏLİLOVA