Əli Əlirzayev: “Gömrük orqanlarının sahibkarlarla əməkdaşlıq etməsi ilk növbədə vaxt baxımından sahibkarlar üçün sərfəlidir”
Azərbaycanın gömrük orqanları ölkədə sahibkarlığı dəstəkləməlidir. Bunu “Yaşıl Dəhliz – Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi” mövzusunda Dəyirmi masa zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Nazir müavini bildirib ki, bu, əsasən sənaye zonalarının rezidentlərinə aiddir: “İldən-ilə sənaye zonalarının rezidentləri xammal, avadanlıq idxalını artırır. Burada gömrük rəsmiləşdirilməsi məsələləri çox vacibdir. Gömrük sahibkarları dəstəkləməlidir və biz bu məqsədlə müzakirələr aparırıq. Bizim məqsədimiz şəffaflığı artırmaq, gömrük prosedurlarının sayını azaltmaq, prosesin operativliyini artırmaq və elektron xidmətlərin tətbiqini genişləndirməkdir”.
Sahibkarların inkişafı məqsədilə aidiyyəti qurumlar tərəfindən müəyyən işlər görülür. Gömrük Komitəsinin sahibkarlarla yeni əməkdaşlıq qurmaq istəməsi ekspertlər tərəfindən müsbət qarşılanır.
İqtisadçı ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, idxal-ixrac potensialının sadələşdirilməsi sahibkarlığın inkişafına müsbət təsir göstərəcək: “Bu ilk növbədə vaxt baxımından sahibkarlar üçün sərfəlidir. Eyni zamanda daxili bazarda məhsulun artmasına səbəb olacaq”.
İqtisadçının sözlərinə görə, gömrük orqanlarının sahibkarları dəstəkləməsi və onlarla əməkdaşlıq etməsi həm sahibkarlığın inkişafına səbəb olacaq, eyni zamanda iqtisadiyyatda dəyişiklik baş verəcək: “İlk öncə bu sahədə şəffaflıq artacaq, prosedur qaydaları elektronlaşdırılacaq. Və bunun tətbiqi genişlənəcək”
Həmsöhbətimiz onu da vurğuladı ki, son illər sənaye zonalarının rezidentləri xammal, avadanlıq idxalını artırır. Bu sektorun inkişafı üçün gömrük rəsmiləşdirilməsi məsələsi qısa müddətdə həllini tapmalıdır.
Günel CƏLİLOVA