Müslüm İbrahimov: “Tarif Şurasının qiymət dəyişikliyindən sonra nəqliyyat sektorunda müsbət dəyişikliklər baş verəcək”
Məlumdur ki, son 10 ildə Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalırdı. Bu müddət ərzində əmək haqları, pensiyalar, sosial müavinətlər, ünvanlı sosial yardım, tələbələrin təqaüdləri dəfələrlə artırılıb. Pensiyaların isə hər il artırılması, demək olar ki, ənənə halını alıb.
Bu müddət ərzində social-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması üçün dövlət tərəfindən iri və vacib sosial-iqtisadi layihələr həyata keçirildi. Təbii ki, görülən hər bir iş əhalinin rifahı və rahatlığı üçündür. Azərbaycanda ictimai nəqliyyatda qiymət artımı 10 ilə yaxın idi ki, artırılmırdı.
İqtisad elmləri doktoru Müslüm İbrahimov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, son illər əməkhaqqı, pensiya, sosial müavinətlərin və digər xərclərin məbləği artırılıb: “Tək əməkhaqqı və təqaüd deyil, eyni zamanda sosial müavinət və tələbə təqaüdlərinin həcmi bu illər ərazində dəfələrlə artırılıb. Uzun müddət idi ki, metronun qiyməti stabil olaraq qalırdı. Metro və avtobuslarda gediş haqlarının qaldırılmasının iqtisadi əsasları var. Nəzərə almaq lazımdır ki, dünya ölkələri ilə müqayisədə ən ucuz nəqliyyat ödənişi məhz Azərbaycanda idi. Qiymət dəyişikliyi qaçılmaz idi”.
Həmsöhbətimizin sözlərinə görə, metro və ictimai nəqliyyatda qiymət artımını normal qarşılamaq lazımdır: “Artım sayəsində xidmətin keyfiyyəti də artacaq. Məlumdur ki, son zamanlar nəqliyyat sektorunda dəyişikliklər baş verir. Yeni texnologiyaların tətbiq olunması, yüksək səviyyədə xidmətin həyata keçirilməsi əlavə xərc tələb edir. Bu səbəbdən də nəqliyyat sektorunda qiymət artımına normal baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, qiymət dəyişikliyindən sonra nəqliyyat sektorunda müsbət dəyişikliklər baş verəcək”.
Günel CƏLİLOVA