"Metro və avtobus nəqliyyatı üzrə yeni sərnişindaşıma tarifləri əhalimizin müəyyən hissəsinə qeyri-populyar addım kimi görünsə də, bu dəyişikliyin dərin iqtisadi əsaslara söykəndiyi birmənalı aydındır. Çox keçmədən hamı buna əmin olacaq. Başqa sözlə desək, gediş haqlarında bahalaşma sadəcə şəxslərin qərarı yox, ölkədə gedən hərtərəfli proseslərin məntiqi tələbidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
Aydın Quliyev qeyd edib ki, Azərbaycanın neft və qeyri-neft sektorlarının xüsusilə son 10 ildəki inkişafını dünyanın ən nüfuzlu agentlikləri birmənalı qeyd edirlər. "İqtisadi inkişafın məntiqi budur ki, iqtisadiyyat böyüdükcə, buna uyğun olaraq pul dövriyyə sistemi də genişlənməlidir. Bunun ən səmərəli yolu iqtisadi inkişaf göstəricilərinə paralel qiymətlərdə də islahat aparmaqdır. Məntiqi ardıcıllığın davamı olaraq əməkhaqqı və pensiyalarda artım gözlənir. Son illərdə bu dəfələrlə baş verib".
Son qiymət artımının iqtisadi inkişafın nəticəsi olmaqla yanaşı, nəqliyyat sahəsinin özünün inkişafına və əməkhaqlarının artımına yeni perspektivlər açdığını qeyd edən Aydın Quliyev bildirdi ki, dövlət belə addımları əməkhaqları və pensiyaların məntiqəuyğun artımına yeni şərait açmaq və müvafiq sahələrin sonrakı inkişafını təmin etmək üçün atır. O da nəzərə alınmalıdır ki, Azərbaycandakı nəqliyyat tarifləri MDB və bəzi uzaq ölkələrlə müqayisədə daha yaxşı vəziyyətdədir.