Aydın Hüseynov: “Bunun nəticəsində dövlətin sözügedən sahəyə ayırdığı dotasiyanın həcmi azalacaq”
Artıq 10 ilə yaxındır ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalırdı. Belə ki, müntəzəm daşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ildə, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ildə təsdiq edilib. Bu müddət ərzində nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb.
Yeni tarif dəyişikliklərindən sonra belə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.
Müqayisə üçün qeyd edək ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Bu baxımdan MDB ölkələri ilə müqayisədə məlum qərarın verilməsi tamamilə doğru addımdır.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, nəqliyyatda qiymətlərin artırılması zəruri idi: “Nəqliyyatda qiymətlərin artırılması birinci növbətə vətəndaşların rahatlığının təmin olunmasına, onlara rahat şəraitin yaradılmasına hesablanıb. Nəzərə almaq lazımdır ki, ölkə vətəndaşları ictimai nəqliyyatdan daha çox istifadə edirlər. Eyni zamanda, ölkəyə turistlər gəlir və onlar bu nəqliyyat vasitələrindən istifadə edirlər. Ona görə də sözügedən sahədə ictimai nəqliyyatın yenilənməsi, komfort şəraitin yaradılması günün tələbi idi. Bu baxımdan hesab edirəm ki, qiymət artımına getmək lazım idi. Bütün bunlarla yanaşı, hazırda MDB və yaxın qonşu ölkələrlə müqayisədə Azərbaycanda ictimai nəqliyyatda gediş haqları aşağıdır. Artımdan sonra da qiymətlər yenə aşağı olaraq qalacaq. Bu o deməkdir ki, yenə də həmin ölkələrdə qiymətlər bizdən yüksək olacaq. Deməyim odur ki, Azərbaycan sosial dövlət olduğu üçün bütün bu addımlar nəzərə alınıb. Nəqliyyatda gediş haqlarının artırılmasının Azərbaycan vətəndaşlarının büdcəsinə heç bir mənfi təsiri olmayacaq. Bunun nəticəsində dövlətin sözügedən sahəyə ayırdığı dotasiyanın həcmi azalacaq. Dövlət də, öz növbəsində, həmin vəsaiti əməkhaqlarının artırılmasına, sosial problemlərin həllinə yönəldəcək. Ona görə də verilən qərarı məqsədəuyğun hesab edirəm”.
Vidadi ORDAHALLI