Fikrət Yusifov: “Sevindirici haldır ki, nəticələr özünü doğrultdu”
Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində bu sahədə ilbəil artım müşahidə olunmaqdadır. Bu ilin ilk altı ayında Azərbaycanda ümumdaxili məhsul artıb. Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ilin ilk ayında ölkədə ümumdaxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz, qeyri-neft sənayesi 9 faiz artıb. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bir neçə gün öncə keçirilən “Məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda tədbirdə deyib.
İqtisadi sahədə aparılan islahatlar, heç şübhəsiz, dünyanın bir çox maliyyə qurumu, o cümlədən beynəlxalq təşkilatları tərəfindən izlənir və proqnozlar verilir.
Ümumdaxili məhsulun artmasının gözlənilən olduğunu bildirən professor, iqtisadçı Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, ötən illərdən fərqli olaraq iqtisadiyyatda artım qeydə alınır. Bu da gözlənilən idi: “Məlumdur ki, 2016-2017-ci illərdə ölkə iqtisadiyyatının sabitləşdirilməsi istiqamətində müəyyən işlər görüldü. Hətta ötən il yerli və beynəlxalq təşkilatlar tərəfindən 2018-ci ildə iqtisadiyyatda artımın yaşanacağı bəyan edilmişdi. Ölkə başçısı İlham Əliyev ötən ilin sonlarında dəfələrlə öz çıxışlarında qeyd etmişdi ki, qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatında artım qeydə alınacaq. Sevindirici haldır ki, nəticələr özünü doğrultdu”.
Həmsöhbətimizin sözlərinə görə, cari ilin altı ayı ərzində 1,3 faiz artım qeydə alınıb. Bu olduqca yaxşı rəqəmdir: “Qeyri-neft sektorunda 3 faizə qədər artım baş verib. Qeyri-neft sektorunun ən aparıcı sahələrindən olan kənd təsərrüfatında analoji hal yaşanır. Qeyri-neft sənayesində isə artım daha yüksək templə davam edir”.
Professor hesab edir ki, ilin sonuna kimi ümumdaxili məhsulda artım daha da yüksək olacaq.
Günel CƏLİLOVA