Şahin Camalov: “Yaxın gələcəkdə Azərbaycan üzərindən beynəlxalq müstəvidə yükdaşımalar daha da artacaq”
Ölkələr arasında mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılacaq. Bu barədə mətbuata Latviya Nəqliyyat Nazirliyindən bildiriblər. Məlumatda qeyd olunub ki, bu marşrut "Şimal-Cənub" layihəsi çərçivəsində fəaliyyət göstərəcək.
Qurumdan deyiblər ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi "Latviya Dəmir Yolları" QSC qismində Latviyanın logistika sahəsinin prioritetləri siyahısına daxildir: "Mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılır. Təklif olunan logistik qərarın Hindistandan Avropaya effektiv, etibarlı və sürətli yük axınını təmin edəcəyi nəzərdə tutulur. Latviyanın logistik xidmətləri və üstünlüklərindən istifadə etməklə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi istiqamətində Baltika və Şimali Avropa, eləcə də Şərqi və Qərbi Avropa regionu ölkələrinə çıxış yaranır".
Nazirlikdən onu da bildiriblər ki, Latviya Azərbaycanı Avrasiya məkanında yeni nəqliyyat marşrutlarının inkişafı baxımından çox mühüm tərəfdaş hesab edir: "Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir – Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi regionunu birləşdirən "Şimal-Cənub" dəhlizi, həmçinin, Yeni İpək Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRACECA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bununla əlaqədar olaraq hesab edirik ki, Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivləri var. İranla dəmir yolu xəttinin inkişafı "Şimal-Cənub" dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş Bakı-Tiflis-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf etdirəcək".
Görünən odur ki, yeni beştərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı ciddi iş gedir. Ən başlıcası isə Azərbaycanın bu məsələdə oynadığı vacib rol xüsusi qeyd olunur. Bu baxımdan yeni əməkdaşlıq formatının perspektivlərini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Şahin Camalov buna müsbət prizmadan yanaşdı: “Məsələ ondadır ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən çox əlverişli bir coğrafi məkanda yerləşir. Eyni zamanda, nəqliyyat dəhlizləri məsələsində hər zaman önəmli rol oynayıb. Hesab edirəm ki, bu məsələdə Azərbaycan öz üzərinə düşən öhdəlikləri layiqincə həyata keçirir. Hindistandan Avropaya konteyner daşımaların həyata keçirilməsində həqiqətən Azərbaycan vacib rol oynayacaq. Ona görə ki, Azərbaycanda bunun üçün müasir tələblərə cavab verən infrastruktur yaradılıb. Artıq ötən ildən Bakı-Tiflis-Qars dəmir yolu fəaliyyət göstərir. Bir sıra Orta Asiya ölkələri BTQ-nin imkanlarından istifadə edirlər. Müşahidələr göstərir ki, yaxın gələcəkdə Azərbaycan üzərindən beynəlxalq müstəvidə yükdaşımalar daha da artacaq. Nəzərə almaq lazımdır ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı işlər sürətləndirilib. Mütəmadi konteyner əlaqəsinin təmin edilməsini özündə ehtiva edən multimodal marşrutu məhz “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə həyata keçiriləcək. Bu format çərçivəsində əməkdaşlıq tranzit ölkə olaraq Azərbaycanın həm əhəmiyyətini, həm də gəlirlərini artıracaq. Ona görə də, hər bir halda, bu layihəni yüksək qiymətləndirmək olar. Azərbaycan həm enerji, həm də tranzit daşımalarda Avropanın böyük tərəfdaşlarından biridir”.
Vidadi ORDAHALLI